DTX-nın məlumatına görə, Azərbaycan vətəndaşı 35 yaşlı Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Camalov əvvəllər Zaqatala sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış tədbirlər zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub. Azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya ərazisinə keçərək Rakka şəhərinə gedib Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 951