• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 21.05.2021 09:10

Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər

KepezTV Player

Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı dövlət başçısı belə deyib. Bildirib ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər.Onlar vaxt itirdilər. Bu gün Ermənistanın ordusu belə yoxdur. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.