Xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub. Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında da telefon danışığı olub. Tərəflər bölgədə mövcud olan cari vəziyyətdən danışıblar. Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb. Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb. Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.
Ceyhun Bayramovun Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ilə də telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliyi müzakirə ediblər. Telefon söhbətində bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyi qeyd olunub.
- Baxış: 350