Gəncəli güləşçi, mübarizə apardığı çəki dərəcəsində dünya sıralamasında ilk 3-lükdə olan Turan Bayramov növbəti sınaq qarşıdadır. Gələcəyinə böyük ümidlər bəslənilən pəhləvan qarşıdakı yarışlara doğma şəhərində hazırlaşır.
20 yaşlı idmançı Gəncədəki hazırlıqlardan öncə Bakıda milli komanda ilə birgə təlim-məşq toplanışında olub. Toplanış müddətində hazırlıq məqsədilə Azərbaycan paytaxtına səfər edən qazaxıstanlı güləşçilər ilə birgə məşq edən Turan Bayramov çalışmalarının növbəti hissəsini Nizami yurdunda keçir. Şəxsi məşqçisinin rəhbərliyi altında açıq havada məşq etməklə formasını qorumağa çalışan gənc güləşçi mayın 9-dək doğma şəhərində olacaq.
Turan Bayramov növbəti sınaq üçün Polşaya yollanacaq. Turnir iyunun əvvəlində keçiriləcək.
Son yarışda çəkisini dəyişən Turan bunun çətinliyinə də toxunub. Gəncəli güləşçi dəyişikliyin daimi olmadığını bildirib.
Turan Bayramov ötən ay məhz Polşada keçirilən Avropa çempionatında 70 kq-da mükafatçılar sırasına düşüb. O yalnız finalda uduzaraq gümüş medala yiyələnib.
- Baxış: 987