• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 26.04.2021 19:27

Başlıbeldə əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsinin təfərrüatları

KepezTV Player

1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir. Mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsinə dair təfərrüatlar məlum olub. İzləyək.

İşğaldan əvvəl 259 fərdi yaşayış evi, 1996 nəfər əhalisi olan Başlıbel kəndi Kəlbəcərin ən böyük kəndlərindən biri olub. 3 aprel 1993-cü ildə Ermənistan Silahlı qüvvələri kəndə silahlı hücum edərək evləri qarət edib və yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar. 18 aprel 1993-cü ildə ermənilər silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə 12 nəfər – 63 yaşlı Yaqub Səmədov, 54 yaşlı Büsat Əhmədova, 12 yaşlı Zövqiyyə Əhmədova, 60 yaşlı Məhəmməd Əmralıyev, 29 yaşlı Surxay Əmralıyev, 21 yaşlı Çingiz Əmralıyev, 16 yaşlı Aygün Əmralıyeva, 67 yaşlı Çiçək Həsənova, 68 yaşlı Gülara Cəfərova, 95 yaşlı Gülgəz Cəfərova, 22 yaşlı Vüqar Abdullayev və 52 yaşlı Əhliman Əsgərov sığındıqları yerdə qəsdən öldürülüb. Hücum nəticəsində 14 nəfər - 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, 9 nəfər aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat edib. Cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcərin müxtəlif kəndlərində dünyasını dəyişib. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb 12 nəfərin meyitini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. 19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər. Aprelin 24-də Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilib, 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitinin qalıqları aşkar edilib. Mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, giliz və güllələr qablaşdırlaraq rəsmiləşdirilib. Zərərçəkənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin təyini məqsədilə nümunlər götürülüb. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.