• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 28.02.2021 19:06

Ermənistanın yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir

KepezTV Player

"Azərbaycan Respublikasının Prezidentinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı söylədikləri, o cümlədən münaqişə sonrası mərhələdə bölgədə təhlükəsizlik və əmin-amanlığa nail olunması üçün quruculuq və əməkdaşlıq perspektivlərindən danışdığı halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu yanaşması və aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir". Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Prezidentinin söylədiklərinə dair şərhi barədə sualını cavablandırarkən deyib. "Əgər Ermənistan öz XİN nümayəndəsinin söylədiyi kimi ordusunun müasirləşdirilməsi ilə revanşizm mövqeyindən çıxış edirsə, bu ölkə on illiklərlə davam edən təcavüz və işğalın düşmənçilik və nifaqdan başqa nəticə vermədiyini hələ də anlamırsa və yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmırsa, xalqının təhlükəsiz və tərəqqi dolu gələcəyinin üzərindən öz əli ilə xətt çəkir. Vətən müharibəsinin sübut etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü təmin etməyə hazırdır və bu xüsusda meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir", - deyə Leyla Abdullayeva əlavə edib.

"Təəssüf ki, yenidən söhbət Ermənistan tərəfinin yalan və iftira dolu bəyanatından gedir. Rəsmi Yerevanın Sumqayıt hadisələri ilə bağlı əsassız iddialarını dəfələrlə cavablandırmışıq və bu gün bir daha qeyd etmək istərdim ki, 1988-ci il fevralın ayının sonlarında Sumqayıtda törədilən hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi". Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair sualı cavablandırarkən deyib ki, SSRİ Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilsə də, cəzasını çəkmək üçün Ermənistana köçürüldükdən sonra azadlığa buraxılıb. "Müqayisə üçün 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi", - deyə XİN rəsmisi vurğulayıb. Leyla Abdullayeva bildirib ki, Sumqayıt hadisələri öncəsi və ondan sonra baş verənlər aydın şəkildə göstərir ki, bu hadisələr bir zəncirin halqaları idi və əsas məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi planından ibarət idi.