• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 27.02.2021 21:46

Ağdama qayıdış...

KepezTV Player

İndi onu Qafqazın Xirosiması adlandırırlar. Söhbət bir zamanlar ən gözəl şəhərlərimizdən olan Ağdamdan gedir. O Ağdamdan ki, 23 iyul 1993-cü cü ildə işğal olunub və erməni qəsbkarları tərəfindən talan edilib. Amma 20 noyabr 2020-ci ildə işğala son qoyulub. Əməkdaşlarımız viran qalan Ağdamımızı qarış-qarış gəzərək lentə alıblar. İzləyək...

Hamımız həyəcanlıyıq. Operatorlarımız Səbuhi və Elçin, Ağdamla bağlı ağrılı xatirələri olan müsahibimiz Şahin Əzimov... İndi biz 27 illik həsrətə son qoymağın başlanğıcındayıq.

Həm həyəcan, həm sevinc, həm də kədərlə bizi Ağdam Cümə məscidinə aparan yollara baxıram. Adının mənası “günəş şüaları ilə nurlanmış”, “ağ ev” olan Ağdamda uçurulmayan dam qalmayıb. Bir vaxtlar kiminə ev, kiminə iş yeri olan bu binalardan geriyə sınıq-salxaq daşlar qalıb. İlahi, insan da daş üçün, ağac üçün darıxarmı?! Biz darıxmışıq. Bu məmləkətin, bu yerlərin hər qarışı, hər daşı, hər çınqılı üçün darıxmışıq.

Qarşısında dayanıb Ağdamı ürəklə salamladığımız Cümə məscidi illərlə ermənilərin təhqirinə məruz qalıb, donuz tövləsinə çevrilib. Özünü dünyaya humanist ölkə kimi sırımağa çalışan Ermənistanın bu vəhşiliyi nə insanlığa, nə dinə, nə də imana sığır.

Ağdam rayonunun inzibati mərkəzində yerləşən Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib. Qarabağın özünəməxsus dini memarlığının örnəklərindən sayılıb. Günbəz, tağ və tağbəndləri  olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülüb. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənib.

Talanı, işğalı, yalanı özlərinə peşə seçən ermənilər insanlarımızla yanaşı, ibadət yerlərimizə də qənim kəsiliblər. Uçulub-dağılmış tavan, bütün vəhşiliklərə rəğmən əzəmətini qorumağa çalışan sütunlar da bunu sübut edir.

Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri dağıdılıb və yandırılıb. Biz indi vəhşiliyi hər daşda, hər izdə görünən düşmənin zənnində yanılmasının sevincini yaşayırıq. Çünki bu minarədən yenə azan səsləri ucalır, yenə Tanrıya açılmış əllərlə dua edilir. Mən də bu günü bizə yaşadan şəhidlərin ruhuna dua oxuyub çıxıram məsciddən. Məkanınız Cənnət olsun, Vətən oğulları!

Bəli, indi bir parça dəmiri qalan çay evi vaxtilə bu cür olub.

Hər şeyi məhv edən erməni vandalları qəbiristanlıqları da dağıdıblar.

"Qarağacı" qəbiristanlığı şəhərin cənub istiqamətində yerləşir və qədim tarixə malik olması ilə məşhurdur. Ermənilərin tarixin izini silmək üçün etdiyi bu vəhşiliyi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bəlkə də dünyanın heç bir ölkəsi bu qədər aciz, bu qədər məkrli düşmənlə üz-üzə qalmayıb.

 

Növbəti istiqamətimiz Ağdamın şəhidlər xiyabanıdır. Süjetimizin əvvəlində adını çəkdiyim Şahin Əzimovun ən çox görmək istədiyi yer.

Hər zərrəsində şəhid qanı olan bu məzarlığın da aqibəti insanın ürəyini sızladır. Milli qəhrəman Allahverdi Bağırovun məzarı başında dayanıb düşünürəm: Birinci Qarabağ müharibəsində mən müharibənin ağırlığını tam dərk edəcək yaşda deyildim. Amma bilirdim ki, kimlərsə bizim üçün can verir, kimlərsə bu ölkə üçün ailəsindən, əzizlərindən vaç keçir. 1992-ci ildə şəhid olan Ruslan adlı bu uşağın parça-parça edilən məzar daşı bütün dünyaya nə qədər vəhşi düşmənlə üz-üzə olduğumuzu sübut etməyə bəs edir.

Şahin Əzimov Xocalıda öldürülən ata və anasının məzarını ziyarət edəndə 17 yaşı olub. Bu gün 30 ilə yaxın ürəyində gəzdirdiyi o nisgili unutmaq istəyirdi. Valideynlərinin məzarı başında dayanıb onların ruhuna dua oxumaq istəyirdi. Amma...

Qəbri dağıdıb məzar daşını oğurlayan, şəhidlərin sümüklərini belə məzarından çıxarana insan demək mümkündürmü?! Elə bu sualı düşünə-düşünə Ağdamla sağollaşırıq. Səni yenidən, binaları bərpa edilmiş, evlərində işıq yanan, ocağında qazan qaynayan, küçələrində uşaqlar oynayan kimi görmək istəyirəm, əziz Ağdam.