• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 27.01.2021 16:25

"Bərpadan sonra Şuşada həyat qaynamalıdır"

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı bununla bağlı Aydın Kərimovu videoformatda qəbul edib. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq. Bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olub və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib deyən prezident erməni nümayəndələri və onların xaricdəki havadarlarının Şuşanın azad olunması ilə bağlı uydurduqları yalanlara da toxunub. Həmçinin vurğulayıb ki, bərpa işlərindən sonra Şuşanın zəngin mədəni həyatı olacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Baxın, görün nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib. Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır.