Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gələn ilin dövlət büdcəsi ilə əlaqədar müzakirələr aparılıb. Millət vəkilləri müxtəlif sahələrə ayrılan vəsaitlərlə bağlı irad və təkliflərini səsləndiriblər. İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev növbəti ildən pensiyalarda gözlənilən artımla bağlı açıqlama verib. Həmçinin hərbi qulluqçulara ayrılan müavinətlərlə bağlı da xəbərlər var.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışında yanvarın 1-dən ölkədə minimum pensiyaların məbləğinin artırılacağı anonsunu verdi.
Deputat Sahib Alıyev isə vətəndaşların pensiyaya rahat şəkildə çıxmasına mane olan məqamlardan danışdı.
Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək. Bununla bağlı da yeni qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul olundu. Həmin şəxslər hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq. Millət vəkilləri müharibə veteranlarına təyin edilən müavinətin aartırılmasını təklif etdilər.
Deputat Azay Quliyev isə müddətli hərbi qulluqçulara ayrılan aylıq maaşın azlığından gileyləndi.
Milli vəkili səfərbərlik üzrə hərbi xidmətə çağrılan və orduya könüllü qoşulanlara təyin edilən məvacibə də diqqət çəkdi.
Dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirilən təkliflər arasında bəzi sahələrə ayrılan vəsaitlərin artırılması və ya əksinə azaldılması fikri də yer aldı.
İclasda o da bildirildi ki, gələn ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat məbləğində müəyyən edilib. Sonda 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
- Baxış: 167