Azərbaycanlı sərbəst güləşçi, 3 qat dünya və Avropa çempionu Hacı Əliyev Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda 65 kq-da güləşən Əliyev 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi ilə üz-üzə gəlib. 1/4 finalda keçirdiyi görüşdə qabırğasından ciddi zədə alan güləşçinin bu qarşılaşma üçün xalçaya çıxması sual altında olub. Amma ağrılara baxmayaraq, əsl çempionlara xas xarakter göstərən Hacı rəqibinə 10:4 hesabı ilə qalib gələrək, bürünc mükafata sahib olub. Digər güləşçimiz 61 kq çəki dərəcəsində mübarizə aparan Əhmədnəbi Qvarzatilov isə turnirin gümüş medalına layiq görülüb. Daha əvvəl yunan-Roma yığmamızın üzvlərindən İslambek Dadov gümüş, Eldəniz Əzizli və Beka Kandelaki bürünc, qadın güləşçilərdən isə Elis Manolova bürünc medal qazanıb.
- Baxış: 1288