• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2325
— 30.11.2020 12:22

Məhdudiyyətlərə gedirik, yoxsa tələblərə əməl edirik?

KepezTV Player

Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyələri qulaqardına vururlar. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranan ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Mövcud vəziyyətin təhlili onu göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artıb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çata bilər. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edir. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir. Bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnə bilər.