Koronavirus adlı düşmən dünya, eləcə də ölkəmiz üçün əsl bəlaya çevrilib. Bu günə açıqlanan yoluxma sayının minə yaxınlaşması bunu deməyə əsas verir. Bəs görəsən, mövcud vəziyyət, rəqəmlərin hər ötən gün artması nədən qaynaqlanır? Şəhərdə fəaliyyət göstərən market və mağazalarda pandemiyaya yoluxmamaq üçün zəruri qaydalara əməl edilirmi? Bu suallara aydınlıq gətirməyə çalışmışıq, izləyək.
Bu gün insanların ən çox üz tutduğu məkanlar sırasında marketlər ön sıradadır. Gündəlik təlabatı ödəmək üçün istənilən məhsulu asanlıqla tapdığımız bu məkanlara elə gün ərzində yüzlərlə müştəri daxil olur. Bu isə pandemiya dövründə marketlərdə yoluxma riskinin yüksək olduğu, müştərilərdən maksimum ehtiyatlı davranmağı tələb edir.
Vüqar Qurbanov alıcı:Daimi müştəriyəm. Meyvə almaq üçün gəlmişəm. Mağazada nəzarət olsa-olmasa da maskadan istifadə edirəm. Çünki yaxşı bilirəm ki, bu öz sağlamlığımızı qorumaq üçündür.
Fəxrəddin Səfərov alıcı: Bu maskanı taxmaq insanın öz sağlamlığı üçündür. Spirtdən istifadə eləməliyik, əllər təmiz yuyulmalıdır, ara məsafəsi saxlanılmalıdır.
Sevindirici məqam ondan ibarətdir ki, məsələyə alıcılar qədər, mağaza əməkdaşları da xüsusi həssalıqla yanaşır. Xəstəliyin geniş vüsət almaması və şəxsi sağlamlıqları üçün onlar da zəruri qaydalara əməl edirlər.
İdris Allahverdiyev qəssab:İşə başlamazdan öncə əllərimizi yuyuruq, dezinfeksiya edib, əlcəklərimizi geyinirik. Tibbi maskadan istifadə edirik. Təmizliyə riayət edirik.
Gülbəniz Heydərova satıcı:Çörək yığırıq. Əlcəkdən, maskadan istifadə edirik. Mütəmadi olaraq gigiyenaya, təmizliyə fikir veririk. Müştərilərindən xahiş edirik ki, çörəklə əllə təmasda olmasınlar.
Pərviz Məmmədzadə inzibatçı:Mağaza bağlananadək müştərilər kamera vasitəsilə izlənilir. Alıcılara qaydalar anons edilir. Maskasız müştərilər içəri buraxılmır. Unudanlar və ya yanında olmayanlara mağazaya daxil olmaq üçün maskalar təqdim edirik.
Urfan Vəliyev nəzarətçi: Müştərilərimizə nəzarət edirik. Pandemiya ilə bağlı qaydalara riayət etməsinə, sosial məsafənin gözlənilməsi, girişdə dezinfeksiyaedici maddələrdən istifadəyə nəzarət edirik. Bir sözlə, biz də pandemiya ilə mübarizə aparırıq ki, sağlamlığımızı qoruyaq.
Marketlərdə gigiyenik normalara əməl edilməsi məsələsinə təkcə mağaza əməkdaşları nəzarət etmir. AQTA-nın əməkdaşları tərəfindən təkcə oktyabr ayı ərzində 374 ticarət obyektində bu istiqamətdə monitorinqlər aparılıb. Ümumilikdə, 117 mağazada nöqsan qeydə alınıb.
Bürcü Cabbarov AQTA-nın Gəncə Regional Bölməsinin rəisi:Özünüz də şahidi olarsınız ki, bütün ərzaq mağazalarında artıq AQTA-ya məxsus posterlər quraşdırılıb. İstər agentliyin əməkdaşları, istərsə də könüllülər olsun mütəmadi olaraq reydlər aparılır, monitorinqlər keçirilir.
Koronavirus adlı düşmənə qalib gəlmək üçün maksimum ehtiyatlı davranıb, lazımi qaydalara əməl etməliyik. Unutmayaq, bu yolla həm də ön cəbhədə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirmiş oluruq.
- Baxış: 261