• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 21.10.2020 22:44

Azad yurdun vətənpərvər nəsli

KepezTV Player

Haradan başlayır Vətən? Beşikdənmi? Doğulduğun evdənmi? İsti ana qucağındanmı? Yoxsa, sərhəddənmi? Sevilən şairlərimizdən olan Məmməd Araz deyirdi: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Bəli, həqiqətən bu sözlər elə özlüyündə böyük məna daşıyır. Bəs yaxşı, vətəndaşlığın təməlində dayanan vətənpərvərlik hissi nədir? Onu övladlarımıza necə aşılaya bilərik?

30 ilə yaxındır davam edən işğala son qoyulur. Çalınan zəfərlərin fonunda yüksələn əhval-ruhiyyə Azərbaycan xalqının necə vətənpərvər olduğunu bir daha sübut edir. Müzəffər Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələr hər kəsdə qürur və fəxarət yaradır. Bu gün yazılan şanlı tarix milli ruhu yüksəltməklə, özünə inamı da artırır.

Bütöv Azərbaycan naminə davam edən Vətən müharibəmiz bir də onu göstərdi ki, yaşından, cinsindən asılı olmayaraq hər bir ölkə vətəndaşı torpağına, millətinə, dövlətinə bağlıdır. Bu xüsusda ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlara düşmənin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü və niyə müqəddəs sayıldığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq.

Vətən bizimdir, biz vətəninin! Hər bir insan üçün öz ata-anası əziz olduğu kimi, vətəni də əziz tutulmalı, onu daha gözəl, daha güclü etmək üçün əlimizdən gələni etməliyik.

Bu işdə uşaqların əsl vətən daşı olmaları üçün müəllimlər, valideynlər, elə cəmiyyət olaraq əl-ələ verib calışmalıyıq. Müharibə şəraitində yaşayan ölkəmiz üçün bu həddən artıq önəmlidir.

Fikirlər, münasibətlər onu deməyə əsas verir ki, bu gün Azərbaycan oğlu və qızı kökünə bağlı, milli məfkürəsinə uyğun, dövlətinə sədaqət ruhunda formalaşır. Vətənpərvərliyin nə olduğunu elə uşaqlar özləri də ifadə edirlər, özlərinin başa düşdüyü tərzdə.

Körpə yaşından aşılanan milli ruh gələcəyin daha möhkəm, əbədi müstəqil, tam suveren dövləti deməkdir. Adi bir vətən daşı olmaqla hər ailədə aşılanan vətənpərvərlik duyğuları bu gün həm də cəbhədə vuruşan, düşmənə layiqli yerini göstərən hərbçilərimiz üçün mənəvi dəstəkdir. Axı biz “Qarabağ Azərbaycandır!” uğrunda mübarizə aparırıq.

Nərgiz Əhmədqızı