• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 05.10.2020 08:29

Prezident İlham Əliyev xalqa müraciət edib

KepezTV Player

"Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirib. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Biz heç vaxt bununla barışmayacağıq". Bunu Prezident Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsinin Azərbaycan xalqını təhqir etmək cəhdi olduğunu deyən dövlət başçısı Azərbaycana qarşı iftiralar irəli sürənlərə də toxunub: "Getsinlər güzgüyə baxsınlar". Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam.