Külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub. Sərhəd pozucularının əllərində silah və yüklər olub. Sərhəd zastavası qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı silah tətbiq edib geri qaçmağa cəhd göstəriblər.Sərhəd naryadı silah tətbiq edib, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digəri ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb. Ərazidən 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gələn və məftilləri qıraraq sərhədboyu zolağa daxil olan Beyləqan rayon sakini 45 yaşlı Adiş Məmmədov saxlanılıb. Üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkiləri aşkar olunub. Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.
- Baxış: 1751