• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 14.09.2020 20:08

Yeni tədris ili və yeni qaydalar

KepezTV Player

Bəli, həsrət bitir, özü də düz 7 aylıq ayrılıq. Hər kəs həyəcan keçirir. Çünki mövcud pandemiyanın yaratdığı zərurət, distant təhsil forması məktəbə adaptasiyada müəyyən çətinliklər yaradıb. Bəs maraqlıdır, bir qədər unudulan ənənəvi qaydanı, yəni məktəbə getmək qavramını yenidən necə mənimsəyə, bərpa edə bilərik?

Valideyn - Valideyn kimi əlbəttə həyəcanlıyam. Övladlarım 1-ci sinfə qədəm qoyurlar. hər ehtimala qarşı tədbirliyik.

Valideyn - Məktəbə getmək vacibdir. Evdə məşğul olmaqla məktəbdə tədris eyni deyil.

Pandemiya dövrünü nəzərə alaraq, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərs prosesi müvafiq qaydalara əsasən həyata keçiriləcək. Siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılacaq və dərslər hər qrupda növbəli şəkildə tədris olunacaq. Proses qısaldılmış dərs vaxtı ərzində parta arxasında tək-tək oturmaq şərti ilə reallaşdırılacaq. Və sözsüz ki, bu cür çətin dönəmdə həm valideynlərin, həm də müəllimlərin üzərinə böyük məsuliyyət düşəcək.

Sara Babayeva - psixoloq: Şagirdlərlə valideynlər evdə, müəllimlər məktəbdə söhbət aparmalıdır. Xüsusən də, 1-cilərlə. Onlara gigiyena qaydalarına əməl etməyin vacibliyi izah edilməlidir. Qaldı ki, 12 yaşa qədər şagirdlərə. Onların maskadan istifadə etməsi zəruri deyil, taxmaya bilərlər. Çünki bu onlarda fobiya yarada bilər. 12 yaşdan yuxarı isə maskadan istifadə mütləqdir və görüşməmək lazımdır.

Mövcud vəziyyətdə məktəbə çətin adaptasiya olan, sevinc, həyəcan hissi yerinə qorxu, təşviş keçirən şagirdlər mütləq şəkildə psixoloq yardımı almalıdırlar.

Sara Babayeva - psixoloq: Məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Onlar şagirdlərlə mütləq söhbət aparmalıdırlar. Uşaqlara aşınmalıdır ki, pandemiyadan qorxmaq lazım deyil. Sadəcə gigiyena qaydalarına əməl etmək, düzgün, sağlam qidalanmaq və əhval-ruhiyyəni yüksək tutmaq lazımdır. Çünki insanın içərisində bir inam, güc, sevgi olarsa məktəbə, oxumağa qarşı həmin şəxsdə immunitet güclənmiş olur. Və beləcə hər hansı xəstəliyə qalib gəlmiş olur.

Şagirdlərə istər ənənəvi, istərsə də distant formada dərslərin tədrisi önəmlidir. Çünki onlar bizim gələcəyimizdir və savadlı, bilikli insanların var olduğu cəmiyyətdə inkişaf var.