• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 19.08.2020 19:28

Ana ölüb, iki qızı xəsarət alıb

KepezTV Player

Balakəndə baş verən ağır yol qəzasında ana ölüb, iki qızı xəsarət alıb. Hadisə Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin sürdüyü "VAZ 2114"-lə toqquşub. Qəza zamanı "VAZ 21099"-da olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Sürücü İbrahim Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən qadının qızları - 37 yaşlı Xanım Mammədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İmişli rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Qaralar kəndi ərazisində yerli sakin, 24 yaşlı Vasif Məmmədovun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini - Qaralar kənd sakini, 37 yaşlı Qəqəni Səmidxanov xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Abşeron rayonunun Höküməli qəsəbəsində iki avtomobil toqquşub. Qəza zamanı 50 yaşlı Kəmalə Mahmudova, 25 yaşlı Məleykə Mahmudova və 62 yaşlı Loğman Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Daha bir qəza Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə 34 yaşlı Nuranə Tağıyeva və 34 yaşlı Məqsəd İsgəndərov xəsarət alıb. Hər iki şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakıda da xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 23 yaşlı Rövşən Aydəmirov motosikletdə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Paytaxtın Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində 31 yaşlı Urfan Şərifovmüxtəlif bədən xəsarətləri alib. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.

Bakının Sabunçu rayonunda isə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 32 yaşlı Ruslan Məmmədovu yolu keçərkən minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Gəncədə də piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Nəriman Nərimanov prospektində "Volkswagen" markalı minik maşını yolu keçmək istəyən şəhər sakini, 48 yaşlı İman Məhərrəmovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində “Hyundai” markalı minik avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Maşın yoldan çıxıb. Nəticədə avtomobildə olan qadın sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını cəlb olunub və zərərçəkənə ilkin tibbi yardım göstərilib. Faktlar araşdırılır.