Futbol üzrə Azərbaycan Premyer Liqasından sonra I Divizionda da mübarizənin başlaması gündəmdədir. Bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər. Ölkənin ən köklü iki klubundan biri olan “Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan razılaşma rəsmiləşdirilib. Onlarla hələlik başlamayan mövsümün sonuna müqavilə bağlanılıb. Xatırladaq ki, başa çatdırılmayan ötən çempionatda da komandanı məhz Vahabzadə çalışdırıb.
Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.
I Divizionda mart ayının 13-dən koronavirus pandemiyasına görə oyunlar keçirilmir. Növbəti çempionatın startı sentyabr ayına planlaşdırlır.
- Baxış: 2492