• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 10.08.2020 20:27

Meydançalarda vəziyyət necədir?

KepezTV Player

Bu gündən sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib. Məşqçi və idmançıları sevindirən bu qərar həm də idmanla həvəskar səviyyədə məşğul olanların ürəyincə olub. Xüsusən də, futbol həvəskarlarının. Bəs görəsən hazırkı koronavirus pandemiyası ilə mübarizə dövründə meydançaların vəziyyəti və belə idman obyektlərinə olan təlabat nə yerdədir? Həmkarımız Azad Rəfi məsələni araşdırmağa çalışıb.

Gəncədə futbola münasibət bəllidir. Burada insanlar təkcə milyonların könül verdiyi oyuna baxmağı və azarkeşliyi deyil, eyni zamanda özləri də topla oynamağı sevirlər. Bu, gəncəlilərin sevimli məşğuliyyətlərindəndir. Özü də bütün yaş qruplarından olanların. Karantin rejiminin tətbiq olunduğu dövrdə açıq havada idman oyunlarının keçirilməsinə qadağa qoyulduğundan həvəskarlar bir müddət meydançalardan kənar düşdülər. Amma məlum son qərardan sonra idman obyektləri yenidən qapılarını insanların üzünə açmağa başlayıb.

İnsanların idmanla məşğul olmaq, futbol oynamaq istəyi sağlamlığa xidmət etdiyindən müsbət məqamdır. Amma mövcud vəziyyətdə ehtiyatı da əldən vermək olmaz. Odur ki, oyunların keçirildiyi məkanlarda müvafiq göstərişlərə əməl olunmalıdır.

Gəncədə futbol həvəskarlarının üz tutduğu idman obyektlərindəki stadionlar kommersiya xarakterlidir. Təyin olunan müvafiq ödəniş müqabilində belə meydançalarda saatla futbol oynamaq mümkündür. Nizami yurdunda 4 belə meydança kompleksi var. Qadağanın götürüldüyü ilk gündən müştərilərin istifadəsinə verilən obyektlərdən birinin meneceri olan Əhəd Şabanovun sözlərinə görə, çalışdığı idman qurğusunda bütün təlimatlara əməl olunur. Meydançalar dezinfeksiya edilərək futbol oynamaq üçün hazır vəzyyətə gətirilib. Eyni sözləri baş çəkdiyimiz digər meydançada da eşitdik. Həvəskarların iki-üç gün öncədən rezervasiya üçün müraciət etdikləri bildirildi. Aylıq abunəçilərdən sonra boş qalmış saatlar digər müştərilərə təqdim olunub. Qadağanın götürüldüyü ilk gün üçün müraciət həddindən artıq çox olub. Tələbata uyğun olaraq axsam saat 6-dan başlayaraq gecə saat 12-yə kimi olan bütün vaxtlar tutulub.