• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 06.08.2020 19:53

Prezident İlham Əliyev videoformatda müşavirə keçirib

KepezTV Player

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bütün tədbirlər vaxtında görülüb. Prezident İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə deyib ki, vəziyyət nəzarət altındadır. Ölkə başçısı büdcəyə yenidən baxılması, iqtisadi sahədə atılacaq addımlar, dövlət şirkətlərinin fəaliyyətindən də danışıb. Dövlət şirkətlərinin işinin ciddi təftiş edilməsi və yeni idarəetmə sisteminin qurulması ilə bağlı tapşırıq verib.

Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünya miqyasında qabaqcıl yerlərdədir. Yaxın gələcəkdə laboratoriyaların sayı 45-ə çatdırılacaq. Modul tipli xəstəxanaların sayı isə 16 olacaq və bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. “Ən kritik ssenariyə hazır olmalıyıq” deyən dövlət başçısı vurğulayıb ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. İqtisadi məsələlərə gəlincə, Prezident İlham Əliyev deyib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Ölkə rəhbəri hazırda sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan şəxslərə avqust ayında da 190 manat ödənilməsi ilə bağlı göstəriş verib. Bundan əlavə, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Prezident İlham Əliyev onu da vurğulayıb ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdıraq. Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur.

Dövlət başçısı qeyd edib ki, yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gələcək planlarını elə qurmalıdırlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin. İqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, neftin qiymətinin aşağı düşməsi, Azərbaycanın OPEC çərçivəsində hasilatın azaldılması ilə bağlı götürdüyü öhdəliklər də rol oynayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir...

İsrafçılığa yol verildiyinə diqqət çəkən Prezident İlham Əliyev deyib ki, bəzi hallarda lazım olmayan layihələr icra edilir. Burada, idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ancaq narahat edən məsələ də var. Bu da dövlət şirkətlərinin payıdır. Dövlət şirkətləri ölkəni, iqtisadiyyatı aşağı aparır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

“Belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir”, - deyən ölkə başçısı dövlət şirkətlərinin işinin ciddi təftiş edilməsi və yeni idarəetmə sisteminin qurulması ilə bağlı tapşırıq verib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam. Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik.

Dövlət-özəl sektor tərəfdaşlığından danışan ölkə başçısı qeyd edib ki, bu, gərək daha konkret layihələr əsasında özünü göstərsin. Burada mütləq yeni yanaşma olmalıdır. Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Dövlət qurumları konkret əlavə təkliflər verməlidir və ictimai nəzarət olmalıdır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq. Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq.

“Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövləti bu vəziyyətdən xilas etməkdir. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra xəstəlik kəskin artsa, yenidən sərtləşdirmədən başqa çarə olmayacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır”.

Hamını məsuliyyətli olmağa çağıran dövlət başçısı deyib ki, bütün tapşırıqlar yerinə yetirilsə, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik.