• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 28.07.2020 12:10

İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri aparılıb. 24 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddənin və 1050 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 ədəd çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Astara rayon sakinləri 27 yaşlı Təbriz Quliyev və 25 yaşlı Şahin Nabatzadə olması müəyyənləşdirilib. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kq 625 narkotik vasitə və 1050 ədəd həb aşkar olunaraq götürülüb.

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi də sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər onu saxlayıblar. Onun Ağcabədinin Ağabəyli kənd sakini 38 yaşlı Elvin Mamedov olması müəyyən olunub, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram “tiryək”ə bənzər maddə götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.