• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 23.07.2020 12:20

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirilib

KepezTV Player

ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçiriblər. Aksiya Atlanta və Alabama şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub. Konqres binasının qarşısında keçirilən aksiyada “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçudur” və sair şüarların yazıldığı plakatlar, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olan şəhidlərimizin şəkilləri nümayiş etdirilib, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.

 

Türk-Amerika Dərnəkləri Federasiyasının üzvləri isə Nyu-York şəhərindəki Ermənistan konsulluğu qarşısında səssiz aksiya keçiriblər. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, eyni zamanda ötən gün Los-Anceles şəhərində azərbaycanlı gənclərə qarşı törədilən təxribat pislənib. Ərazidən keçən ABŞ sakinləri aksiya iştirakçılarını dəstəkləyiblər.

Bundan əlavə, 21 iyul tarixində ABŞ-ın Los Anceles şəhərində keçirilən aksiyada vətəndaşlarımıza qarşı zorakılıq və ümumiyyətlə, son günlər erməni radikal ekstremistlərin ABŞ və digər ölkələrdə fəallaşması ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə müraciət edib. Müracətdə deyilib ki, Prezidenti İlham Əliyevin göstərişi ilə Los Ancelesdə törədilən zorakılıqda xəsarət alan həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələləri Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzu ilə əlaqədar Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.
 

Azərbaycanın Vaşinqtondakı səfirliyi isə Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücüm etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətlərinin artdığı bildirilib. Həmvətənlərimizə ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meyilindən agah olmaq, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etmək məsləhət görülüb. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirmək və təhlükəsizliyin tam şəkildə təmininə əmin olmaq ciddi şəkildə tövsiyə edilib.