• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 13.06.2020 15:45

Restavrasiyaya ehtiyacı olan təbii bulaq

KepezTV Player

Samuxun Qarağaclı kəndi baxımsız qalan bulaq. Kəndin yaşlı sakinləri tərəfindən hətta şəfa mənbəyi kimi dəyərləndirilən bulaq bu gün baxımsız vəziyyətdədir. Qaradilək bulağı adlandırılan təbii mənbə barədə materialımız var. Gətirək həmin süjeti ekranlara.

Qarşısında dayandığım tarixi məkana Qaradilək deyirlər. Yerli sakinlərin sözlərinə görə 15-16-cı əsrlərə aid olan bu məkan məsuliyyətsiz yanaşma nəticəsində, baxımsız vəziyyətdədir.

Samux rayonunun Qarağaclı qəsəbəsində yerləşən Qaradilək bulağının yerli imkanlar hesabına qorunması və təmizliyinə nəzarət edilsə də, görünən odur ki, bu səylər kifayət etmir.

Valeh Məmmədov sakin: Ora baxımsızlıq nəticəsində pis vəziyyətə düşüb. Mən aidiyyatı təşkilatlara üz tuturam, gəlib orda bərpa işi görsələr, yaxşı iş görsələr, insanlar da gəlib ziyarət edər. Bu məkan birbaşa Samux rayonunun adı ilə bağlıdır.

Sərxan Kazımov sakin: Qaradilək deyilən məkanda dəfələrlə olmuşam. Uşaqlığımdan oranı görmüşəm. Ağsaqqallardan eşitmişəm. Dəfələrlə orda özümüz iməcilik etmişik, təmizləmişik. Ancaq orada əsaslı təmir işi aparılmayıb.Yəqin ki aidiyyatı qurumlar orada Samuxun imicinə yaraşan şəkildə təmir-bərpa işləri apararlar.

Gölməçələrin içərisində qurbağalar, ətrafda atılan məişət tullantıları. Turizm potensialı olsa da, istifadə olunmayan məkan. Adıçəkilən məkanda çəkiliş aparan zaman, ərazinin yerləşdiyi qəsəbənin icra nümayəndəsi ilə rastlaşdıq. Könüllü şəkildə qəsəbə sakinləri ilə birlikdə iməciliklər təşkil olunduğunu deyən müsahibim, bulağın məhv olmaq üzrə olduğunu bildirdi.

Vidadi Ələkbərov icra nümayəndəsi: Son dövrdə bura qış otlaq sahəsi kimi istifadə olunur. Heyvanları örüşə buraxırlar. Daxili imkanlarımız hesabına buranı qorumağa çalışırıq. Qoymuruq heyvan gəlməyə. İldə bir-iki dəfə təmizlik işləri aparırıq. Buna baxmayaraq bura qeydiyyatda deyil. Qeydiyyata alınmalıdır ki, gələcək nəsillər də görsün ki, Bozdağın ətəyində belə bir məkan var.

Qaradilək bulağı da boz dağların ətəyində yerləşən içməli su mənbəyidir. Müalicəvi əhəmiyyət daşıyan bulağın yararsız vəziyyətdə olmasının səbəbi isə yalnızca baxımsız olması deyil. Sözügedən ərazi dövlət qeydiyyatına salınmalıdır ki, mühafizəsi təmin olunsun.

Süleyman Əliyev Samux Rayon Mədəniyyət Şöbəsinin baş məsləhətçisi: Qeydiyyata alınmayıb. Qeydiyyata alındığı təqdirdə, sözsüz ki mədəniyyət şöbəsi tərəfindən mühafizəsi təşkil olunacaq. Onun abadlaşdırılması, gələcək inkişafı ilə bağlı tədbirlər görüləcək.

Qaradilək bulağının müalicəvi əhəmiyyəti və içməli su ehtiyatı kimi səmərəli istifadəsinin təşkili, həm də qlobal əhəmiyyət kəsb edən içməli su məsələsində də əsas rol oynaya bilər.

Valeh Anaroğlu