İsti yay günlərində insan orqanizmində mayeyə olan təlabat daha da artır. Bu zaman sözsüz ki, dadımıza sərinləşdirici içkilər çatır. Müxtəlif meyvə şirələri, qazlı sular, enerji içkilərindən tutmuş sərin ayranlaradək hər şey. Bəs, bunlardan ən yaxşısı hansıdır? Seçim edərkən nəyə diqqət etməliyik? Susuzluğu yatırmaqla yanaşı həm də faydalı olan içkilər hansılardır? Mövzunu əməkdaşımız Nazənin Zaman araşdırıb, yaxşısı budur süjetə keçid alaq.
Şəhla Verdiyeva terapevt: Bütün fəsillərdə, o cümlədən yayda insanın mayeyə olan ehtiyacı onun sağlamlığı, yanaşı xəstəliklərinin olması, yaşına və fiziki aktivliyinə görə dəyişir. Sağlam bir insan çəkisinin ən azı 0,5%-i qədər su qəbul etməlidir. Məsələn, 70 kq çəkisi olan insan gün ərzində 2,5-3 litrə qədər maye qəbul etməlidir. Satılan meyvə şirələri, qazlı içkilər maye ehtiyacımızı ödüyür, amma onunla yanaşı ciddi bir şəkildə karbohidrat yükləməsinə səbəb olur.
Hazırda Gəncə sakinləri gündəlik mayeyə olan təlabatını dükanlarda fərqli çeşiddə təklif olunan içkilərlə ödüyür.Zövqə və damaq dadına uyğun seçilən mayelər arasında kimi adi suyu, kimisi isə şəkərsiz qazlı içkiləri zərərsiz hesab edir.
Pərviz Məmmədzadə dükan inzibatçısı:Yay mövsümü olduğu üçün sərin içkilərə təlabat artıb, bunlardan xüsusilə qazlı və qazsız sulara, enerji içkilərinə spirtli içkilərdən pivələrə təlabat çoxdur.
Mütəxəssislər təlabatın çox olduğu qazlı içkilərlə bağlı heç də müsbət fikirdə deyil. Onlar hesab edirlər ki, qazlı suların istehsal prosesində şirin dada malik, sağlamlığa zərərli bir sıra komponentlərdən istifadə olunur.
Əhəd Nəbiyev mütəxəssis: Qazlaşdırılımış suyun tərkibinə əlavə olaraq, karbon qazı vurulur. Bu karbon qazını biz orqanizmimizə qəbul etdikdə, maddələr mübadiləsi prosesinin normallığına mənfi təsir göstərir. Çünki karbon qazı antioksidantdır və o maddələr mübadiləsində iştirak edən fermentlərin aktivliyini ləngidir. Bizi yaşadan fermentlərdir, insan fermentsiz 1 gün belə yaşaya bilməz. Çünki qəbul etdiyimiz qidaların həzm prosesi birbaşa fermentlərin təsiri ilə gedir.
Ekoloji təmiz, qatqısız, fermentlərlə zəngin, təbii meyvə şirələri, ayranlar və kvas insan orqanizmi üçün təhlükəsiz hesab olunur. Əlbəttə burada söhbət aylarla dükanlarda saxlanıla bilən məhsullardan getmir. Onların istehsalında konservantlardan istifadə olunduğu üçün belə sərinləşdiricilərdən bacardığımız qədər uzaq durmalıyıq. İstənilən halda, mütəxəssislər tərkibi mineral maddələrlə zəngin, təbii, qazsız sulardan istifadəni daha məqbul hesab edir.
Şəhla Verdiyeva terapevt: Su faydalıdır, deyəndə sözsüz ki, ehtiyacımıza uyğun qəbul olunmalıdır. Hər şeyin artığı əlbəttə ki, zərərli ola bilər. Bir də ki, gün ərzində susuz qalıb, gündə 3 dəfə birdən-birə çox miqdarda su qəbul edilməsi yolverilməzdir. Həm mədə-bağırsaq sistemi, həm də böyrəklərin fəaliyyəti üçün ciddi zərər törədir. Maye qəbulu mütəmadi, saat başı, kiçik porsiyalarla olmalıdır.
İsti yay günlərinin olmazsa olmazı digər bir içki limonadlar isə qəbul oluna bilər. O halda ki, bəzi işbazlar istehsal prosesində şəkər tozu yerinə, saxarindən istifadə etməsin. Çünki adıçəkilən maddə qida məhsulu deyil və orqanizm üçün azı enerji içkiləri qədər təhlükəlidir.
Əhəd Nəbiyev mütəxəssis:Enerji içkiləri haqda mən heç bir müsbət fikir söyləyə bilmərəm. O ekoloji baxımdan qeyri-təmizdir. Onun istifadəsini müsbət saymıram. Az miqdarda pivə içməyi içməyi yay aylarında məqsədəuyğun hesab edirəm. Tərkibində alkoqol olanda nə olar? O əskinə maddələr mübadiləsini prosesinin tənzimlənməsində iştirak edəcək.
Aydın məsələdir ki, insan orqanizminin 2/3%-ni su təşkil edir. Elə bu səbəbdən də maye qəbulu zamanı seçim edərkən maksimum dərəcədə diqqətli olmalıyıq. Mənşəyi məlum olmayan və ya gigiyenik normalara zidd şəraitdə hazırlanan içkilərdən uzaq durmaq lazımdır. Elə edək ki, susuzluğumuzu yatırmaq istəyərkən səhhətimiz üçün problem yaratmayaq. Və ən başlıcası unutmayaq: susuzluq hissi keçiririksə, deməli orqanizmimiz bizdən su istəyir. Adi, təmiz su...
- Baxış: 768