"Əziz vətəndaşlar! Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk! Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz". Həftəsonu tətbiq olunan xüsusi karantin rejimindən sonra Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkürü bu cür oldu. Amma təəssüf hissi ilə qeyd edək ki, təşəkkürü hər kəs haqq etmədi. Çünki hər zaman olduğu kimi yenə də qayda pozanlar tapıldı. Ən pisi isə haqlı ikən polisi haqsız çıxarmağa cəhdləri oldu...
Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız dərk etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər". Fikri zənginlərdən biri belə söyləyib. Ötən gün baş verən hadisələr bu fikrin dərkinə varmalı olduğumuzu bir daha təsdiq etdi. Təsdiq etdi ki, qanun qarşısında boynumuzun qıldan incə olduğunu unudanda, küləkdə sovrulub gedə bilərik. Çünki qanunun şamil olunması üçün səni məni yoxdur, vətəndaşları var. Hansı ki, o cəmdə sən də varsan, mən də varam, evinə çəkilib qaydalara riayət edən də, polisə təyziq göstərənlər də. Nəhayət, sözümüzün canına keçməyə ayaq tapdıq. Ötən gün xüsusi karanin rejiminin həftəsonu üçün sərtləşdirilmiş qaydalarını pozanları, onları saxlamağa çalışan polislərə binadan atılanları, hayı küyü, bir sözlə, hər şeyi sosial şəbəkələrdən izləyib görübsüz. Tərəzi kimi el gözünə qoyub çəkibsiz və kimdir müqəssir sualına da cavab tapıbsınız. Tapılan cavabların ikili olduğunu da bilirik. Qayda pozanın da tərəfində olanlar var, polisin də... Əsas məsələ isə haqqın tərəfində olmaqdır. Daha dəqiqi haqlının... İki gün müddətində evdən bayıra bircə addım atmayan, nəinki atmayan heç buna cəhd belə etməyən kəs ona görəmi dörd divar arasında oturub ki, kimsə əlini qolunu sallayıb gəzsin və polis də onu çəkindirməyə çalışanda asayişi pozsun. Bu iki il deyildi, heç iki ay da deyildi. Cəmi iki gün idi. O qədərmi çətin oldu səbr göstərmək. Biz hansı ara kəmhövsələ olduq?! Biz hansı ara bir çox yaxşılıqları bir qarmaşalığın güdazına verəcək qədər biganələşdik?! Axı bu polis o polisdir ki, bacısının vəfat etdiyini eşidib, icazə almadan hövlnak küçəyə qaçan qadını xidməti avtomobili ilə gedəcəyi yerə apardı, ac olduğu üçün küçəyə çıxan ahıla öz çörəyini uzatdı, qolunda yarası qövr edən qadının dadına çatdı, qolu sınan övladını qucağında yola çıxaran atanı çarəsiz qoymadı. Elə isə vətəndaşla polis arasında uçurum yaradan başların təfəkkürü haradan qaynaqlanır? Sənin və mənim gözümdə asayiş keşikçisi olan kəs birinin övladı, birinin qardaşı, birinin həyat yoldaşı, başqa birinin isə atasıdır. Ən ümdəsi isə o da Azərbaycan vətəndaşıdır. Bu aralar bizi biz edən hərəmizin öz bucağımızdan son günlərdir koronavirusla əlaqədar artan statistik göstəricilərin aşağı düşməsində əlimizdən gələni etməyimizdir. Əks təqdirdə nəfs çatışmazlığımız nəfəs çatışmazlığımıza gətirib çıxaracaq. Unutmayaq, biz Azərbaycan vətəndaşıyıq polisli, alimli, mühəndisli, fəhləli, uşaqlı və böyüklü... O Azərbaycan vətəndaşı ki, himnimiz səslənəndə tükü ürpənib, yağı daşsa belə, ayaqda dayanıb, sağ əlini solundakı ət parçasının üzərinə qoyur... Millətçiliyi və dövlətçiliyi ilə fəxarət hissi keçirdiyindən artan ürək döyüntülərini hiss etmək və qürur duymaq üçün... Elə ötən gün Azərbaycan polisinin etdiyi kimi...
- Baxış: 367