• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 04.06.2020 20:30

Qoruyucu tibbi vasitələrlə bağlı qıtlıq yaşanırmı?

KepezTV Player

Son günlər koronavirus pandemiyası ilə bağlı həyəcan və təşviş daha da artmağa başlayıb. Ölkəmizdə virusla bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, əhalinin qoruyucu tibbi vasitələrlə təmin olunması istiqamətində addımların atılması  bunu deməyə əsas verir ki, mövcud durum məsuliyyət tələb edir. Çünki bəzi hallarda adıçəkilən qoruyucu vasitələrlə bağlı müxtəlif şayələrin şahidi oluruq. Bəs Gəncədə mövcud vəziyyət nə yerdədir?

Koronavirus pandemiyasının yayıldığı gündən ən çox rastgəlinən deyimlər sırasında qoruyucu tibbi vasitələrlə bağlı olaraq “maska yoxdur, hardan alaq?” sözləridir. Xüsusən də həftəsonu təbiq ediləcək evdən çıxmamaq daqağası ilə əlaqədar bu məsələ bir qədər də aktuallaşıb.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar öz sağlamlıqlarına əvvəlkindən daha məsuliyyətli yanaşırlar. Bunun əyani göstəricisidir ki, ölkənin ikinci ən böyük şəhəri Gəncə şəhərində istehlak üçün təqdim olunan tibbi qoruyucu vasitələr vaxtından əvvəl, yəni günorta saatlarına qədər satılır.

Tural Abdullayev əczaçı: Depo 150-200 ədəd, yəni 3-4 qutu verir. Hər qutuda 50 ədəd maska olur. Elə müştəri var ki, 4-5 ədəd istəyir, nəticədə maska 2-3 saata bitir. Çalışırıq ki, maskimum 5 ədəddən artıq verməyək ki, bütün müştərilərə çatsın.Hətta 10-15 ədəd maska tələb edən şəxslər də olur. Çalışırıq ki, hamıya çatsın.

Səhər saatlarından etibarən şəhərdə fəaliyyət göstərən bir neçə aptekdə apardığımız müşahidə zamanı əczaçıların da dediyi kimi, tələbatın böyük olduğunu sezmək mümkündür. Sözügedən məsələdə vətəndaş mövqeyi sərgiləməklə həm öz sağlamlığı, həm də ətrafındakıların sağlamlığına önəm verənlər də az deyil.

Sahil Quliyev sakin:Dünən maska aldım. 3 ədəd. Qiyməti də 30 qəpik. Bir-iki dəfə apteklərdən soruçmuşuq, deyiblər yoxdur. Amma günortadan sonra, səhəri gün, yaxud da digər aptekə müraciət etməklə tapmaq mümkündür. Yəqin ki onlara da limit qoyurlar. Həmin limit bitir, digər vaxt isə tapmaq mümkündür. Yəni elə də çətinliklə üzləşməmişik.

Şəmsəddin Əsgərov sakin:Düzdü, xəstəliyin təzə yayıldığı vaxtlarda maska problemi mövcud idi. Maska tapmaq mümkün deyildi. Səhər saatlarında tapmaq mümkün olsa da, günorta saatlarında tapa bilmirdik. Hazırda şükürlər olsun ki, ölkəmizdə maska zavodu fəaliyyət göstərir. Nə vaxt gedirsən, maska tapılır. Hamıda da maska var bu dəqiqə gördüyünüz kimi.

Natiq Qədimov sakin: Maska var, apteklərə nə vaxt gedirsən, tapırsan. Bu bizim sağlamlığımız üçündür.

Əczaçılar deyir ki, tibbi qoruyucu vasitələr içərisində ən böyük tələbat məhz tənəffüs yolunu mühafizə edən maskalaradır. Sakinlərin əvvəlki dövrdən fərqli olaraq, indi müraciətlərinin çoxdur.

Məhsəti Əliyeva əczaçı: Müraciət çoxdur. Bu günki gündə maska istehsalı çoxdur deyə, tələbat da demək olar ki, ödənir. Ancaq tələbat bir qədər çoxdur. Gün ərzində 200 maska sata bilirik. Səhər saatlarından günorta saat 3-ə, 4-ə qədər tələbat çox olur. Günortadan sonra isə müraciətlər bir qədər azalır.

Artıq saat dörddür. Əczaçıların günorta radələrində tibbi qoruyucu vasitələrə tələbatın az olması ilə bağlı fikirlərini əsas tutaraq, bu məsələni araşdırmaq qərarına gəldik.

İlk olaraq sakinlərin fikrini öyrəndik. Onlar əvvəlki tək apteklərdə istənilən qədər maska, əlcək, dezinfeksiyaedici məhlulların olduğunu bildirdilər.

Azər Cabbarov sakin: Apteklərdə maska istənilən vaxtı var. Az öncə aldım gəldim məndə maskanı. Problem yoxdur. Qiymət də hamıya məlum olduğu kimi 30 qəpik.

Rüstəm Quluzadə sakin: Gah çıxır üzə, gah çıxmır. Ama belə mən özümə tapıram. Verirlər. Hər yerdə 30 qəpikdir. Kim ki, bəhanə edir ki, yoxdur. Yalan deyir. Depodan onlara böyük həcmdə vermirlər. Əgər varsa versinlər ki, sonra camaat da bəhanə etməsin ki, tapmırıq.

Daha sonra üz tutduq əczaxanalara. Əczaçılar satışın səhər saatlarında daha çox olduğunu, ancaq günorta saatlarında da gözəçarpacaq dərəcədə qıtlığın yaşanmadığını bildirdilər.

Yaşar Əşrəfov əczaçı:Günorta radələrində maskaya müraciət az olur. Əsas müraciətlər səhər saatlarında olur. Səhər tezdən 300 maska almışdıq. Dünəndən də 100 ədəd qalığımız var idi. Onu da satmışıq. Hal-hazırda 150 maskamız var. Günün sonuna kimi də yetərlidir deyə düşünürəm.

Mənsurə Məmmədova əczaçı:Səhər 150 ədəd maska almışdıq. 100-dən çoxu satılıb. İndi də gəlirlər. Ancaq çox az müraciət olur. Günorta müraciətlər səhərə nisbətən az olur.

Müşahidələrimiz onu göstərdi ki, günorta saatlarında da maska probleminin yaşanması ilə bağlı fikirlər birmənalı deyil. Çünki həm apteklərdə rastlaşdığımız mənzərə, həm də sakinlərin fikirləri bunu deməyə əsas verir. Odur ki, virusla mübarizə aparmaq üçün tələb olunan qaydalara riayət etmək, qoruyucu tibbi vasitələrdən istifadə etmək, öz sağlamlığımızı düşünmək məcburiyyətindəyik.

Valeh Anaroğlu