Paytaxtda qadına qarşı soyğunçuluq edilib. Yasamal rayonu ərazisində baş verən hadisə zamanı xanıma zor tətbiq olunaraq çantası əlindən alınıb. Ötən gün xəbərini vermişdik, bu gün isə təfərrüatlarını ekrana gətiririk.
Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında naməlum şəxslər paytaxt sakini olan qadına yaxınlaşıb ona zor tətbiq etməklə içərisində 450 manat olan çantasını əlindən alıblar. Zərərçəkən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edib.
Mehrab Məmmədov - Yasamal RPİ-nin baş müstəntiqi: “Həyata keçirilən əməliiyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar”.
Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatdan pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək cinayəti törətdiklərini deyiblər.
Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştirakının olub-olmaması araşdırlır.
- Baxış: 1276