• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 01.06.2020 16:06

Çimərlik və bağ mövsümü aksesuarları

KepezTV Player

Qızmar yay fəslində mövsümün yorğunluğunu istirahətlə çıxarmaq istəyənlər, indidən fərqli məkan və lazımi aksesuarların axtarışındadır. Bəs maraqlıdır, artan təlabat ödənə bilirmi? Gəncədə bağ və çimərlik mövsümi üçün hər büdcəyə uyğun məhsul tapmaq olurmu? Ümumiyyətlə, qiymətlər hansı aralıqda dəyişir? Əməkdaşımız Nazənin Zaman mövzunu araşdırıb, izləyək.

Dəniz və bağ havası arzusunda olanlar üçün əslində, tətil qavramı bir ədəd çamadanla bitmir. Burada istirahəti tamamlayacaq fərqli aksesuarların alınması da mütləqdir. Sözügedən ləvazimatların satışını indi şəhərin müxtəlif ticarət mərkəzləri həyata keçirir. Dükanlarda çimərlik üçün eynəklər, şişmə dairələr, qolluqlardan tutmuş, bağ mövsümü üçün xüsusi çadırlar, oturacaqlar, manqallar, hətta müxtəlif ölçülü hovuzlaradək hər şey var.

Sevindirici haldır ki, ölkənin ikinci böyük şəhərində həm çimərlik, həm də bağ mövsümü üçün lazımi bütün aksesuarları, ləvazimatları tapmaq olar. Təbii ki, qiymətlər fərqlidir, məhsula görə dəyişir. Məsələn, indi mənim əyləşdiyim bu əyləncəli yelləncəyin qiyməti 208 azn-dir.

Daha münasib və təlabat çox olan məhsullara gəldikdə...

Pərviz Məmmədzadə - dükan inzibatçısı: Daha çox təlabat olan məhsullar kamp çadırlarıdır, qiymətləri 60-70 manat aralığında dəyişir. Çimərlik aksesuarlarından eynəklər 5-15 azn, çadırlar 190 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur. Xüsusilə bağ evlərində istifadəsi nəzərdə tutulan hovuzlarımızın qiyməti 18 manatdan başlayıb, 98 manatda bitir.

Xəyal Məmmədov - alıcı: Manqalla maraqlanıram, dağ-bağa gedəndə istifadə üçün. Hər çeşiddə var, qiymətlər münasibdi.

Esmira Məmmədova - alıcı: Qardaşımın nəvələri var, onlara hədiyyə almaq üçün hovuzlarla maraqlanıram. Virusla bağlı çimərliyə getməyəcəyik. Uşaqlara görə bundan almaq lazımdır ki, həyətdə istifadə etsinlər.

Müştərilər üçün keyfiyyət məsələsi qədər, alınan məhsulunun uzunömürlü olması da vacib nüansdır.

Pərviz Məmmədzadə - dükan inzibatçısı: Əksər alıcılarda belə bir fikir formalaşıb ki, alınan məhsulunun istifadəsi cəmi 1 mövsümlükdür. Amma bu əslində belə deyil, o həm də istifadə qaydasından asılıdır. Ehtiyatlı, diqqətli davransalar alınan məhsul bir neçə mövsüm istifadə oluna bilər.

İstənilən halda, seçim edərkən diqqət olunası digər bir məqam istifadə ediləcək məhsulun keyfiyyəti, sağlamlığa təsiri ilə bağlıdır. Odur ki, qiymət amilindən asılı olmayaraq, bu nüansın arxa plana atılmaması məqsədəuyğundur.