• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 25.05.2020 19:27

Gəncəli şahmatçılar "İpək Yolu Kuboku"nda çıxış edəcək

KepezTV Player

26 may Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibətilə şahmat üzrə "İpək Yolu Kuboku" keçiriləcək. Yarışda 54 şahmatçı mübarizə aparacaq. Onlar arasında Gəncə şahmat məktəbinin yetirmələri də olacaq.

İpək Yolu Kubokunda Nizami yurdunun iki iti zəka sahibi qüvvəsini sınayacaq. Yarışa qatılacaq Azərbaycan şahmatçılarının sırasında Vüqar Rəsulov və Ülviyyə Fətəliyeva yer alıb. Ölkəmizin ən öndə gedən qadın şahmatçıları arasında olan Fətəliyeva yığma komandanın üzvüdür. Beynəlxalq Şahmat Federasiyası reytinqində ilk 100-lükdə qərarlaşan Ülviyyə ötən il komandalar arasında Avropa çempionatında bürünc medal qazanan və tarixi nəticəyə imza atan yığmanın tərkibində olub. O, həmçinin Dünya Kubokuna şəxsi qitə birinciliyinin nəticələrinə əsasən Dünya Kubokuna vəsiqə qazanıb. Bu yarış payızda Belarusda təşkil olunacaq. İpək Yolu Kuboku ilə paralel olaraq Ülviyyə Fətəliyeva onlayn qitə çempionatında iştirak edəcək. Qeyd edək ki, koronavirus pandemiyasına görə son iki ayda bütün şahmat yarışları onlayn şəkildə keçirilir. Həmkarı kimi Vüqar Rəsulov da son yarışları internet üzərindən oynayıb. Rəsulov Türkiyədə yerli turnirə və Azerbaycan kubokuna qatılıb. Bu ikili ilə yanaşı, Azərbaycanın geniş heyətlə təmsil olunacağı İpək Yolu Kubokuna əmsala görə ən güclü şahmatçılardan olan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Günay Məmmədzadə, Xəyalə Abdulla, Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarova da qatılacaq. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Gürcüstan Şahmat Federasiyası eləcə də SOCAR-ın təşkilatçılığı ilə reallaşacaq İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının azrəbaycanlı vitse-prezidenti Mahir Məmmədovdur. Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. 1-7 turlar sabah , 8-15 turlar isə may 28-də olacaq. Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.