• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 24.05.2020 19:40

2 min baş davar vaksinasiya edilib

KepezTV Player

Yaz-yay mövsümündə xırdabuynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklərdən biri də dabaqdır. Bunu nəzərə alan Kəlbəcər rayonunun baytarları mayın əvvəlindən başlayaraq təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıblar. Artıq təxminən 2 min baş davara vaksin vurulub.

Respublikanın 56 şəhər və rayonunun 1100-dən artıq məntəqəsində məskunlaşan kəlbəcərli məcburi köçkünlərin saxladıqları heyvanlarının baytarlıq tədbirlərindən kənarda qalmaması üçün 8 baytar sahə məntəqəsi faəliyyət göstərir. Vaksinasiya işləri təsdiq olunan epizootik tədbirlər planına uyğun aparılır. Tədbirlər soyuq zəncir prinsipinə tam şəkildə əməl edilməklə həyata keçirilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən göndərilən preparatlar təsərrüfatlara termoçamadanlarda aparılır.

Mirzəli Məmmədov - Kəlbəcər Rayon Baytarlıq İdarəsinin rəisi: Xırda buynuzlularda çiçək xəstəliyi əleyhinə, quşlarda taun xəstəliyi əleyhinə tədbirlərimiz aparılır. Bu tədbirlərlə yanaşı eyni zamanda fermer təsərrüfatlarının heyvanlarından qan nümunələri də götürülür. Diaqnostik kabinetdə kabroloji müayinə aparılır. Hansı təsərrüfatda qurd xəstəliyini sürfələri aşkar olunarsa, təsərrüfat ashibləri maarifləndirilir ki, vaxtında işlər aparsınlar ki, gələcəkdə o xəstəliklər baş verməsin.

Samir Məmmədov - təsərrüfat sahibi: Kəlbəcər rayonunun Yellicər kəndindənəm, Göygöl rayonunda məskunlaşmışıq. 200 baş qoyunum var. Vaxtında da həkimlər təsərrüfatımızada qayğı göstərir. Heç bir təlafat da yoxdu. Vaxtlı-vaxtında da müalicəsi olunur.

İlin əvvəlindən indiyə kimi Kəlbəcər rayonundan olan məcburi köçüknlərin saxladıqları xırdabuynuzlu heyvanlardan 40 min 227 başı qarayara, 5 min 875 başı nodulyar dermatit, eləcə də 15 min 647 başı çiçək xəstəliyinə qarşı peyvənd edilib. Bundan başqa 14 min 389 baş ev quşu nyukasl xəstəliyinə görə vaksinasiya olunub. Baytar həkimlər heyvanlarını yaylağa aparan təsərrüfat sahibləri ilə də daim əlaqə saxlayırlar.

Mirzəli Məmmədov - Kəlbəcər Rayon Baytarlıq İdarəsinin rəisi: İstər burda olsun, istərsə də yaylaqda olsun, bütün təsərrüfat işçiləri ilə mobil əlaqəmiz var. Harda yaylağa getsə belə, biz gedib orada heyvanlarda peyvənd edirik. Hazırda epizootik tədbirlər planının səmərəli aparılması nəticəsində epizootik durum, tam məsuliyyətimlə deyə bilərəm ki, sabitdir və bunun saxlanması üçün əlimizdən gələn nə varsa hamısını edəcəyik.

Baytar həkimlər peyvəndləmə işləri ilə yanaşı təsərrüfat sahiblərini heyvanların saxlanması, xəstəliklərdən qorunması, eləcə də yemlənməsi ilə bağlı maarifləndirirlər. Dezinfeksiya tədbirləri də vaxtında həyata keçirilir. Kəlbəcərli məcburi köçkünlər təsərrüfatlarda ümumilikdə 170 min xırda, 25 min iribuynuzlu, 70 min quş və 1000-dən çox təkdırnaqlı heyvan saxlayırlar.