COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısının və Qoşulmama Hərəkatının görüşünün təşkilində CİSCO-nun əla avadanlığından istifadə olundu. Texniki nöqteyi-nəzərdən hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Bunu Prezident İlham Əliyev CISCO şirkətinin təşəbbüsü ilə şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib. Görüşdə “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləri müzakirə olunub.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni “Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal “Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik.
Prezident İlham Əliyev deyib ki, “Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ “yol xəritəsi”nin hazırlanması da çox faydalı olardı. Bundan sonra, qarşımızda tam mənzərə aydınlaşacaq. Atacağımız addımların planı hazır olacaq, yekun nəticə çıxacaq və bu nəticəyə nail olmaq üçün hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu da biləcəyik.
“Məktəblər və universitetlər tədris ilinin sonuna qədər, birmənalı olaraq, açılmayacaq”
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Hazırkı vəziyyətdə “bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq.
Dövlət başçısının sözlərinə görə, yeni islahatlar gündəliyində əsas məqsəd ümumi daxili məhsulu artırmaq, iş yerlərini açmaq və bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən ibarətdir. Hazırkı koronavirus şəraitində, bu məsələlər daha da vacibdir. Çünki demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik.
Azərbaycan CİSCO ilə yeni sahələrdə əməkdaşlıqda maraqlıdır
Prezident İlham Əliyev CİSCO rəhbərliyinə digər sahələrdə işləməyi də təklif edib. Vurğulayıb ki, kənd təsərrüfatı hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Elə bu yaxınlarda mən Baş Nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalamışam. Onlar artıq işə başlayıblar. Bir çox nazirlər həmin komissiyanın üzvləridir, çünki bizim çoxlu itkilərimiz olub. Ötən il isə bizdə çox ciddi quraqlıq oldu. Bu il, həmçinin gözlənilir. Düzdür, daha yüngül olsa da, amma yenə də proqnozlaşdırılmayan haldır. Hava şəraiti gözlənilməz şəkildə dəyişir. Beləliklə, su ehtiyatlarımızın düzgün qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi qarşıdan gələn illərdə bizim üçün ən vacib məsələdir. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq tamamlandığını nəzərə alsaq, bu, infrastruktur layihələri sırasında bir nömrəli layihə olacaqdır ki, onun icrası nəticəsində su ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər bölgü təmin olunacaq. Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində, ciddi çətinliklər yaradır.
"Azərbaycan “Ağıllı kənd təsərrüfatı” sahəsində olduqca irəlidədır"
CİSCO şirkətinin vitse-prezidenti Qay Ditrix deyib ki, su ehtiyatlarının idarə edilməsi dünyanın hər yerində çağırışdır. CİSCO bu sahədə bir sıra layihə və texnologiyalara malikdir. Bu, təkcə su ehtiyatlarının idarə edilməsi və nəzarət deyil. Buraya müvafiq sahədə qanunvericilik də daxildir. Onun sözlərinə görə, daha bir mövzu “Ağıllı kənd təsərrüfatı”dır. Azərbaycan bu sahədə olduqca irəlidədır və kənd təsərrüfatının inkişafı ilə bağlı baxışı reallaşdırmaq üçün müvafiq texnologiyalar artıq mövcuddur. Prezident İlham Əliyev isə diqqətə çatdırıb ki, bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür. Bundan əlavə, Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük plan var.
- Baxış: 326