• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 13.05.2020 16:09

Süni mayalanmanın fermerlərə verdiyi üstünlüklər

KepezTV Player

Son illər ölkədə heyvanların baş sayının artırılması əsasən süni mayalama yolu ilə həyata keçirilir. Samuxlu fermerlər də bu üsuldan maksimum yararlanır. Bu ilin birinci yarısında cins tərkibinin yaxşılaşdırılması üçün 527 baş iri buynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.

Azərbaycanda aqrar sahənin digər istiqamətləri kimi, heyvandarlıq da intensiv əsaslarla inkişaf etdirilir. Ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Dövlət dəstəyindən bəhrələnən fermerlər öz təsərrüfatlarında mal-qaranın baş sayının süni mayalandırma yolu ilə artırılmasına böyük maraq göstərirlər.

İlqar İbrahimov - fermer: Samux rayonunun Çobanabdallı kəndində yaşayıram. Kənd təsərrüfatı ilə məşğul oluram. İribuynuzlu mal-qara saxlayıram. İnək, camış. İnəklərimi süni mayalandırma etdirirəm. Hal-hazırda süni mayalanma nəticəsində 11 buzov almışıq. Dişilərini saxlayıram, erkəklərini böyüdüb ətlik istiqamətdə istifadə edirəm. Yəni yaxşı nəticələr var.

Samux rayonunda son illər ərzində süni mayalanma yolu ilə 8101 baş cins buzov doğulub. Bu ölkəyə dövlət tərəfindən xarici cins mal-qaranın gətirilərək hibridləşdirməsi və cins tərkibinin təkmilləşdirilməsinə imkan verib. Yeni doğulan buzovlara görə subsidiya ödənilməsi isə fermerlərin stimullaşdırılması baxımından atılmış addımlardandır.

Murad Qədimov - Samux DAİM-in Heyvandarlıq sektorunun məsləhətçisi: Samux rayonunda 2020-ci üzrə bugünki tarixədək, 636 süni mayalandırma qeydə alınmışdır. Bunlardan 549 buzov doğulmuşdur. Artıq bunlardan 187-inə subsidiya ayrılmışdır. Fermerləri stimullaşdırmaqdan ötrü nəzərdə tutulan subsidiyanın məbləği isə 100 azn təşkil edir.

Mütəxəssislər yerli cinsdən olan mal-qaranın az məhsuldar olduğunu etiraf edir. Süni mayalandırma yolu ilə alınan buzovlar isə daha tez böyüyərək süd və ət baxımından daha məhsuldar olurlar.

Suliddin Abbasov - mütəxəssis: Süni mayalandırmanın aparılması cinsin məhsuldarlığının, yəni yerli cinslərin məhsuldarlığının artırılması, eyni zamanda arzu olunan tiplərin yaradılması deməkdir. Ekoloji iqlim şəraitinə, eyni zamanda mühitə uyğunlaşmağına görə, mövcud ekoloji bitkilərdən istifadəyə görə, xəstəliklərə az yoluxma qabiliyyətinə görə, həm zebu qanından istifadə etmək, həm də simmental cinsinin, şviss cinsinin törədicilərindən istifadə olunması daha məqsədəuyğundur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə rayonda kənd təsərrüfatı sahəsində artım var. Ət istehsalının 3 ton, süd istehsalının 9 ton, yumurta istehsalının 52 min ədəd artdığını nəzərə alsaq, Samuxda kənd təsərrüfatı sahəsinə marağın artdığını deyə bilərik.

Valeh Anaroğlu