• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 09.05.2020 20:38

9 Mayın Qalibi

KepezTV Player

Sıradakı materialımız isə Respublikanın əməkdar rəssamı, sənətşünaslıq namizədi, dossent, Rəssamlar İttifaqının Gəncə bölməsinin sədri olmuş, tanınmış rəssam mərhum Qalib Bağırova həsr edilib. Bütün həyatını Azərbaycan incəsənətinə, mədəniyyətinə bağlayan incə ruhlu rəssam hələ sağ ikən bir çox mükafatlara layiq görülüb. Yaxınları Qalib Bağırovla bağlı xatirələrini əməkdaşımız Fidan Muradlı ilə bölüşüblər.

1945-ci ilin 9 may tarixində Gəncə şəhərində ziyalı Bağırovlar ailəsində Qalib adlı körpə dünyaya göz açır. Valideynləri onun adını qələbə günü doğulduğu üçün məhz qalib adlandırırlar. Adın insan həyatına təsiri var deyirlər. Qalib müəllimin həyatına nəzər salsaq bunun həqiqət olduğunun fərqinə varararıq. Belə ki, 1970-ci ildə Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirən gənc təyinatla Gəncə şəhərinə göndərilir. Burada yeni yaradılmış Çini qablar zavodunda rəssam vəzifəsinə yiyələnir. Daha sonra baş rəssam kimi fəaliyyətini davam etdirir. 1990-cı ilədək həmin müəssisədə Laboratoriya müdiri vəzifəsində çalışan Qalib Bağırov 1980-ci ildə Azərbaycan Texnologiya Universitetinə baş müəllim kimi işə qəbul olunur. Daha sonra dosent və kafedra müdiri olur.

Aysel Bağırova deyir ki, atası elmi tədqiqat işərinə xüsusi önəm verirdi. 1978-ci ildə Moskvada dissertasiya işi müdafiə edərək Sənətşünaslıq üzrə elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. Atasının incəsənətdə yaratdığı gözəllikləri dövlət də qiymətləndirib. Ona Əməkdar rəssam adı verilib.

Əməkdar rəssamın yaratdığı əsərlər bir çox xarici ölkələrdə nümayiş olunub. Azərbaycan Respublikası Rəssamlar İttifaqının Gəncə bölməsinin sədri vəzifəsində çalışan zaman sənətkar tərəfindən Gəncə şəhərində Dekorativ-tətbiqi miniatür mərkəzi yaradılıb.