• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 04.05.2020 19:43

İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib

KepezTV Player

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak ediblər.

Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb, Hərəkatın bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı deyib ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib. Pandemiya dövründə prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün atılan addımları da diqqətə çatdırıb. Onu da vurğulayıb ki, pandemiya şəraitində ölkələrimiz arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Zirvə Görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Dövlət başçısı deyib ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. ...Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.

Zirvə görüşündə çıxış edən BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande deyib ki, heç bir ölkə koronavirus pandemiyası təhlükəsinin öhdəsindən təkbaşına gələ bilməz”. “Daha güclü və daha sabit sistem yaratmalıyıq. Ölkələrin borcları böyüyür. Hələ bu problemi həll etməmişik. Hələ problemin ortasındayıq”, - deyə Məhəmməd-Bande vurğulayıb. O, mövcud şəraitdə davam edən silahlı qarşıdurmalara son qoyulmasına və atəşkəs rejiminə əməl edilməsinə çağırıb.