• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 24.04.2020 19:28

Prezident məhdudiyyətlərin yumşaldılmasından danışdı

KepezTV Player

“Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik”. Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı mərasimindən sonra Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə deyib. Vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə əsas amal Azərbaycan xalqını bu bəladan qorumaqdır. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirən birinci ölkə olub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir. Əlbəttə ki, bugünkü tədbirlər, - bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, - göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Görülmüş bütün tədbirlər, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Dövlət başçısı deyib ki, bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Ancaq bu gün onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Artıq məhdudlaşdırıcı tədbirlərin nəticəsini görürük. Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur. Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları - heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar. İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah!

Prezident İlham Əliyev Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə də tanış olub.