Beynəlxalq Olimpiya Komitəsinin Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salması bu gün idman dünyasında ən çox müzakirə olunan mövzudur. Qəbul olunmuş qərar koronavirus infeksiyasından bu sahədə çalışanları, eləcə də idman həvəskarlarını, bütövlükdə isə insan faktorunu qorumağa hesablanıb.
3-cü əsrə adlayan Yay Olimpiya Oyunlarının tarixində fövqəladə hadisələr az olmayıb. Amma hər hansı bir xəstəliyə görə olimpiadanın təxirə düşməsi halına ilk dəfə rast gəlinir. Bəşəriyyəti viran qoyan müharibələrə görə 4 illiyin ən böyük yarışı 3 dəfə baş tutmayıb. 1-ci dünya müharibəsi dövründə 1916-ci ilə, 2-ci dünya müharibəsinə görə isə 1940 və 44-cü ilə planlaşdırılan olimpiadalar təşkil olunmayıb. Yeri gəlmişkən, 40-cı ilə planlaşdırılan olimpiya oyunlarına da Yaponiya ev sahibliyi etməli idi. Tokio yalnız 1964-cü ildə arzusuna çatıb. Acı təsadüf, daha doğrusu koronavirus yenə gündoğar ölkəni olimpiadasız qoyub. Amma bu dəfə yaponların həsrəti cəmi bir il sürəcək.
Olimpiadanın təxirə salınmasından sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən oyunların 2021-ci ildə keçirilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçiriləcək. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan Müşfiq Cəfərov atılacaq addımların əhəmiyyətli olacağına inandığını bildirib.
Qeyd edək ki, Tokio olimpiada bu ilin 24 iyul - 9 avqust tarixləri aralığında keçirilməli idi. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, Olimpiya məşəli Yaponiyada qalmaqla yarışın adı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları kimi saxlanılacaq.
- Baxış: 585