Koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkələrində və o cümlədən Azərbaycanda kütləvi idman tədbirlərinin ləğv olunması olimpiya və paralimpiya oyunlarının lisenziya yarışlarına da təsirsiz ötüşməyib. Xəstəliyin daha geniş çevrədə yayılması təhlükəsi ilə əlaqədar olaraq turnirlərin qeyri-müəyyən vaxta qədər təxirə salınması planetin ən böyük turniri üçün seçimlərə böyük zərbə olub. Bu planda respublikamızda da bir neçə idman növü üzrə yarışlar baş tutmayacaq. Belə turnirlərdən biri də gəncəli paralimpiyaçı Ramil Qasımovun da iştirakı planlaşdırılan paracüdo üzrə Qran-Pri idi. Mayın 11-i 12-si tarixlərində Bakıda keçirilməli olan yarış təxirə salınıb. Qran-Pri Tokio-2020 Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaqdı. Beynəlxalq Cüdo Federasiyası yaxın vaxtlarda rəsmi saytı vasitəsilə bu yarışın başqa tarixə keçiriləcəyi ilə bağlı qərarını açıqlayacaq.
- Baxış: 878