• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 11.03.2020 19:11

Tətil dövründə uşaqların məşğuliyyəti

KepezTV Player

Artıq bir neçə gündür məktəblərdə tətildir. Tətil tələbə və şagirdləri dərslərdən ayırsa da, səmərəli istirahət imkanı da yaradıb. Bəs bu müddəti səmərəli şəkildə hansı formada keçirmək mümkündür? Ətraflı əməkdaşımız Valeh Anaroğlunun materialında. İzləyək.

Tətil dövründə dərsdən əlavə məşğuliyyətlər - ekskursiya, sağlamlıq, sənətlə bağlı fəaliyyətlər, idmanla məşğul olmaq faydalıdır. Ancaq dərsləri unutmamaq şərti ilə.

Ümid Abbasquliyev - məktəbli: Arabir dərslərimi oxuyuram, kompüter oynayıram, uşaqlarla gəzirəm.

Ümid Həbibov - məktəbli: Mən 10-cu sinif şagirdiyəm. İmtahanımıza 1 ildən də az vaxt qalıb. Böyük səylə dərslərimə çalışıram. Boş vaxtlarımızı da dəyərləndirməklə bağlı onu deyə bilərəm ki, evdə dərs davamiyyətinə vaxtlı-vaxtında dərslərimizi yerinə yetirərək davam edirik.

Ramin Babayev - məktəbli: Mənim özüm boş vaxtlarımda kitab oxuyuram, telefonla məşğul oluram, ancaq internet kluba getmirəm. Dərslərini təkrarlasınlar, boş vaxtlarında test işləsinlər.

Tətil günlərinin səmərəli keçirilməsi, onların asudə vaxtının maraqlı və məzmunlu təşkil edilməsi bir qədər də valideynin məsuliyyətidir desək, yanılmarıq. Bu baxımdan, valideynlər övladlarının istirahətini mənalı təşkil etmək, dünyagörüşünün zənginləşməsinə yönəlik addımlar atmaqda borcludur.

Səfa Zeynalova - valideyn: Valideynlər özləri onların üstündə durmalıdır ki, vaxtlı-vaxtında dərslərini yerinə yetirsinlər, xəstəlikdən qorunmaq üçün də ev şəraiti lazımdır.

Sədi Mirzəyev - valideyn: Evdə elektron şəkildə hazırlaşsınlar. Dünyanın əksər sivil ölkələrində bu belədir. Oxumaq fikri varsa, o formada da oxuyacaq.

Ofelya Məmmədova - valideyn: Uşaqlar internet məkanlarında az olsunlar. Kompüterdən az istifadə etsinlər, sosial şəbəkələrə girməsinlər. Oxusunlar, ali təhsil alsınlar. Bu dəqiqə uşaqlar üçün ən vacibi nədir? – Oxumaq. Oxumaq, oxumaq, yenə də oxumaq.

Tələbə və şagirdlər tətil dövründə dərsdən əlavə müxtəlif növ faydalı məşğuliyyətlərə meyil etsələr, vaxtlarını düzgün idarə edə bilər. Gələcəkdə cəmiyyətin mühüm bir fərdinə çevrilmək üçün tətili də səmərəli qiymətləndirmək, elmlə məşğul olmaq lazımdır.

Lətif Bayramov - müəllim: Bir müəllim olaraq onlara tövsiyəm bundan ibarətdir ki, dərsləri və idmanla məşğul olsunlar. Bütün valideynlərə tövsiyəm budur ki, övladlarının gələcəyi uğrunda mübarizə aparsınlar. Uşaqlarının gələcəyi, təhsili ilə məşğul olsunlar.

Tədrisə müvəqqəti fasilə vermək, daha sonra adaptasiya olmaq isə psixoloji məsələdir. Eyni zamanda sosiallaşmaq, milli-mənəvi dəyərləri öyrənmək, digər bacarıqları kəşf etmək üçün tətil fürsət olaraq da sayıla bilər.

Sara Babayeva - psixoloq: Məktəblərdə, təhsil müəssisələrində tətil oldu. Bu tətil vaxtı uşaqların ən gözəl məşğuliyyəti yaşlı valideynlərini ziyarət etməkləri ola bilər. Ondan sonra rəsm dərnəklərinə getməkləri çox gözəl olar. Musiqi qoyub dinləsinlər. Musiqi dinləməklə onlar öz məşğuliyyətlərini səmərəli təşkil edə bilərlər.

Koronavirus səbəbilə tədrisin dayandırılması, şagird və tələbələrin dərslərinə müəyyən səviyyədə öz təsirini göstərəcək.Ancaq mütəxəssislər bildirir ki, şagird və tələbələr ev şəraitində öz dərslərinə hazırlaşsalar və məşğuliyyətlərini səmərəli şəkildə istifadə etsələr, öz dərslərində uğur qazana bilərlər.