Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat verilib.
Bu addım müvafiq təlimata uyğun olaraq koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb. Federasiyanın qərarına əsasən, kişilər arasında Superliqanın martın 3-ü və 5-də keçirilməli olan XXI turunun matçları başqa vaxta keçirilib. Qeyd edək ki, “Gəncə” tur çərçivəsində sabah (bu gün) Azərbaycan Texniki Universitetinin idman zalında “80-lər” komandası ilə qarşılaşmalı idi. Nizami yurdunun kollektivi autsayderə qarşı oyunda 3-cü dövrədə son görüşünü keçirəcəkdi. “Sarı-göylər”in baş məşqçisi Rizvan Səfərov televiziyamıza açıqlamasında matçların təxirə salınmasının çempionatın axarına və başçılıq etdiyi komandanın çıxışına təsir etməyəcəyini bildirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, dəyişikliyə baxmayaraq “Gəncə” plan üzrə çempionata hazırlığı davam etdirəcək. Xatırladaq ki, Super Liqada iştirak edən iki bölgə klubundan biri olan Gəncə kollektivi 20 turdan sonra turnir cədvəlində 8 komanda arasında 3-cü pillədə qərarlaşıb. Səfərovun yetirmələri 3-cü dövrədə 6 qarşılaşmadan 5-də qələbə qazanaraq aktivindəki xalların sayını 32-yə çatdırıb.
- Baxış: 1088