Məişət zorakılığı Azərbaycanda ən geniş yayılmış problemlərdəndir. Əksər ailələrdə rast gəlinən neqativ halın bəzən fiziki, bəzən cinsi, bəzən də psixoloji təsirləri illərlə unudulmur, yaddan çıxmır. Əməkdaşımız Valeh Anaroğlunun cəmiyyətdən təcrid edilən, zorakılıq hallarına məruz qalan qadınlar üçün nəzərdə tutulan sığınacaqdan materialı var. İzləyək..
Məişət zorakılığı yaxın qohumluq münasibətində olan, hazırda və ya əvvəldə birgə yaşayan cütlüklərin kişi tərəfinin qadına zərər yetirməsidir. Neqativ hal özünü fiziki, iqtisadi və mənəvi formada biruzə verir. Zorakılıq zamanı ən çox zərərçəkənlər də elə qadınlar olur.
Zərərçəkən - Sığınacaq olmasaydı mən indi çöldə qalmışdım. Nə uşağım oxumurdu, nə də bilmirəm başımıza hansı iş gələrdi. Sağ olsunlar ki, mənə bu qapını açdılar, dəstək oldular. Onlara sonsuz minnətdaram. Ancaq istəyirəm ki, evim olsun. Uşağımı böyüdüm. Uşağım təhsil alsın, bir ana kimi, ən böyük məqsədim uşağımın təhsilli olmasıdır.
Gəncədəki sığınacaq insan alveri qurbanlarına, insan alverinə həssas olan şəxslərə göstərilən qayğı və dəstəyin yüksəldilməsinə də töhfə verir. Düzdü sığınacaqda yaşayanlar xoşbəxtliyin qapısını da aralamış deyillər. Ancaq bir həqiqət də var ki, onlar burada təhlükəsiz və sakit həyat yaşayırlar.
Südabə Məmmədova - sığınacaq rəhbəri: Zorakılıq qurbanları üçün reabilitasiya-inteqrasiya mərkəzi və sığınacaq fəaliyyət göstərir. Sığınacağımızda 25 nəfərlik yer mövcuddur. Məişət zorakılığına məruz qalan qadınlar çox böyük risk qrupuna daxildir. Ən çox insan alveri qurbanı olan qadınlar, məişət zorakılığı yaşayan qadınlar cinayətlərin qurbanı olurlar. Bu cinayətlərin qarşısını almaq üçün, qadınları bu cinayətlərdən qorumaq üçün sığınacaqların fəaliyyəti məqsədəuyğundur.
Məişət zorakılığı hüquqi müstəvidə daha sərt qiymətləndirilir. Cinayət məcəlləsinə uyğun olaraq ağır cəzaları da mövcuddur.
Səadət Seyidli - vəkil: Məişət zorakılığının bir neçə növü var. Fiziki, cinsi, iqtisadi, psixoloji zorakılıq. Bundan başqa, hamilə, köməksiz vəziyyətdə olan şəxslərə qarşı zorakılığı törədənləri ağır cəzalar gözləyir. 7 ildən 14 ilə qədər müddətdə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutulmuşdur.
Zorakılıq olan yerdə, mübarizə də var. Sığınacaqlar, hüquqi yardım və s. Ancaq qadınların ən böyük mübarizəsi özləri ilədir. Onlar özlərinə dəyər verməli, hər zaman xoşbəxtliyin yolunu axtarmalıdırlar.Xoşbəxtliyin yolu əzilməkdən,sınmaqdan, alçalmaqdan keçmir.Bu xoşbəxtliyin yolu deyil.Qadınlar həyatda xoşbəxt olmaq üçün mübariz olmalı və həyatla daima mübarizə aparmalıdırlar.
- Baxış: 338