Qarlı-şaxtalı hava Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Nəticədə Gədəbəydə keçirilən idman yarışından geri qayıdan yeniyetmələrin olduğu mikroavtobus gecə saatlarında yolda qalıb. Köməyə gələn Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətini təmin etməklə mənzil başına çatmasına şərait yaradıb. Əməkdaşımız Natiq Hüseyn də gecə saatlarında reallaşdırılan əməliyyatın şahidi olub.
Şaxtalı hava qarla müşayiət olunduğundan axşam saatlarında Şəmkir-Gədəbəy yolu avtomobillərin hərəkəti üçün xeyli çətinləşir. Ötən gecə isə hətta nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Yolda qalanlar sırasında Gədəbəydən idman yarışından qayıdan yeniyetmələr də olub. Ərazidə xidmət aparan Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları mikroavtobusun yolda qaldığını görərək nəqliyyat vasitəsinə yaxınlaşıblar və yeniyetmələrin təxliyəsini həyata keçiriblər.
Cabir Baxışov - inspektor: Hava şəraiti əlverişsiz olduğu üçün biz də xidmətimizi Yasamal aşırımı adlanan ərazidə təşkil etmişdik. Xidmət apardığımız zaman kiçik tutumlu mikroavtobusun yolun kənarında dayandığını gördük. Dərhal onlara yaxınlaşdıq. İçərisində azayaşlı uşaqların olduğunu gördük. Avtomobil hərəkət edə bilmədiyi üçün biz onları patrul maşınları ilə aşağı düşürdük. Daha sonra avtobusu köməkliyimizlə hərəkətini bərpa etdik.
İsti məkana aparılanlara qida və isti içkilər təklif olunub. Bir müddətdən sonra nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə yoluna davam etməsi üçün müvafiq işlər görülüb.
Elvin Məmmədov - sürücü: Təqribən avtobusda müəllimli uşaqlı 30 nəfər var idi. Aşırıma çatanda maşın sürüşürdü. Sağ olsun yol polsiləri bizi demək olar ki, ölümdən qurtardı.
Yol polisləri gecə yolda qalan digər nəqliyyat vasitələrinin sürücülərinə də köməklik göstərərək onlarla təbliğat xarakterli söhbətlər aparıb. Havaların qarlı-buzlu keçməsi ilə əlaqədar mövsümi şinləri ilə təchiz edilməyən nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyyə olunub.
Yol polisləri xüsusilə də dağ rayonlarına hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə qış mövsümünə uyğun təhlükəszilik qaydalarına əməl olunmasını tövsiyyə edir.
Natiq Hüseyn
- Baxış: 999