Futbol üzrə I Divizionda təxminən iki aylıq qış fasiləsi başa çatır. Klublar sabahdan çempionatın ikinci hissəsi üçün mübarizəyə başlayacaqlar.
Aşağı liqada II dövrəyə 14-cü turun oyunları ilə start veriləcək. Tur çərçivəsində “Kəpəz” Bakı səfərində MOİK-in qonağı olacaq. Gəncə komandası çempionata hazırlığın son mərhələsini doğma meydanda keçirib.
“Kəpəz” qış fasiləsi müddətində heyətinə yeni futbolçular cəlb edib. Komanda 6 oyunçu ilə güclənib. “Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Türal Qürbətovu rənglərinə bağlayıb. Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
“Kəpəz”lə MOİK-i turnir cədvəlində bir-birindən “Qarabağ-2” ayırır. Qonşulardan gəncəlilər 18 xalla 8-ci, əsgərlər 13 xalla 10-cudurlar.
Fevralın 6-sı keçiriləcək MOİK- “Kəpəz” görüşünə Lökbatan Olimpiya İdman Kompleksinin stadionu ev sahibliyi edəcək. Saat 14:00-da başlayacaq oyunun baş hakimi Fərid Hacıyev olacaq.
- Baxış: 846