• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 29.01.2020 19:18

Şəhidin xatirə turniri keçirilib

KepezTV Player

Şəmkir rayonunun Qılıncbəyli kəndində futbol üzrə turnir keçirilib. Yarış torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Şərif Alməmmədovun əziz xatirəsinə həsr olunub.

Oyunları həftə sonu keçirilməklə üç həftə davam edən turnir ənənəvi xarakter daşıyır. Belə ki, şəhidin adını daşıyan kənd stadionunda müntəzəm olaraq hər il anoloji yarış keçirilir. Bu mənada bu il reallaşan turnir sayca 19-cu olub.

Cari turnirdə Şəmkir rayonunun 3 kəndinin 4 komandası qüvvəsini sınayıb. Yarışda Çaparlı, Ağlavaşlı və Qılıncbəyli kəndlərini təmsil edən həvəskarlardan ibarət kollektivlər çıxış edib. Birincilikdə ev sahibləri iki komanda ilə təmsil olunub. Qılıncbəylin kəndinin əsas və ikinci komandası mükafatlar uğrunda mübarizə aparıb.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə kollektivlər olimpiya sistemi ilə deyil, öncə qrup mərhələsində yarışıblar. Dairəvi sistemlə keçirilən oyunlardan sonra reqlamentə əsasən, ən yaxşı nəticə göstərən iki komanda finalda oynamaq hüququ qazanıb. Bu mərhələnin yekunlarına əsasən, Çaparlı və Qılıncbəylinin əsas komandası finalda qarşılaşıb. Həlledici görüşdə üç cavabsız qolla meydan sahiblərinə qalib gələn qonaqlar turnirin qalibi olub. Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçuların adı müəyyənləşib. Hacı Səfərov yarışın bombardiri, Nizami Səfərov ən yaxşı oyunçusu, İlkin Abbasov isə ən etibarlı qolkiper kimi seçilib. Finalçı komandalara fəxri fərman, qalib kollektivə həm də kubok təqdim olunub.