Bu il Göygöldə şəkər çuğundurunun məhsuldarlığı ötən ilə nisbətən çox olması fermerləri sevindirir. Artıq bir həftədir yığımına başlanılan məhsul elə sahələrdəcə alınır. Bu isə torpaq mülkiyyətçilərinin işini bir qədər də asanlaşdırır.
Sahil Babayev - fermer: Ötən il 2 ha çuğundur əkmişdik. Yaxşı gəlir əldə etdik, hər hektardan 70 ton çuğundur təhvil verdik. Bu il isə yaxşı gəlir əldə etdiyimiz üçün 4 ha əkdik. Məhsulumuz yaxşıdır, gəlcəkdə fikrimiz var ki, sahələri genişləndirək.
Şəkər çuğunduru əkən fermerlərə göstərilən dövlət dəstəyi əkin sahələrini artırmaqla məhsuldarlığa da müsbət təsir göstərib. Artan maraq Mineral gübrələrin, toxumların, texnikaların verilməsi, alaq otunun təmizlənməsi həmçinin yığılan məhsulun sahədən daşınması üçün ödənilən vəsait marağın artmasını şərtləndirir. Əkilən şəkər çuğundurunun hər hektarına görə fermer əlavə subsidiya da alır. Yaradılan imkanlar Göygöldə kənd təsərrüfatının bu sahəsində becərməni həm asanlaşdırır, həm də gəlirli sahəyə çevirir.
Alik Abbasov - İmişli Şəkər Zavodunun aparıcı aqronomu: Verilən məhsulun dəyəri onun şəkərlik faizinə görə qiymətləndirilir və qiymət hesabı ilə ödənilir. Keçən il 14 faizdən yuxarı şəkərlik verərdisə 58 manat, hər faiz üçün əlavə 2 manat pul ödənilirdi. Dövlət tərəfindən keçən il məhsulun hər tonu üçün əlavə olaraq 4 manat subsidiya da verildi. Bu il şəkərlik faizi yüksək olduğuna görə çuğundurun hər tonu 65-70 manat arası dəyişilərək veriləcək.
Rayonda bu il şəkər çuğundurunu əkən 44 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb. Vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilməsi, həmçinin suvarmada problemin olmaması məhsuldarlığı artırıb.
Adil Kərimzadə - Göygöl DAİM-in Bitkiçilik sektorunun müdiri: Şəkər çuğunduru istehsalında elə bir güclü risk amili yoxdu. Çox qısa 6-7 ay müddətində əkin, yığımı başa çatır. Rısk əsasən suvarma ilə bağldır ki, son illər şəkər çuğunduru istehsalçılarında bu problem yaşanmır.
Göygöl rayonunda 13 min 300 ha əkinə yararlı torpaq sahəsi var. Bu torpaq sahələrindən 10 min hektarı suvarılandı. Bu il rayonda əkilən şəkər çuğunduru da məhz suvarılan torpaqda aparılıb.
Bu il Göygöldə 354 ha-da əkilən şəkər çuğundurunun 40 ha-dan 1700 ton məhsul yığılıb. Fermerlər ötən ildəkindən 10 faiz çox - hektardan 60 sentner məhsul götürürlər. Şəkər çuğundurunun yığımını oktyabrın sonuna kimi yekunlaşdırmaq planlaşdırılır.
Elnur Vahidoğlu
- Baxış: 866