Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri... Hər birimizin yaddaşına özünəməxsus xatirələri ilə həkk olunan ali məktəb illəri insan həyatının ən önəmli dönəmlərindən biridir. Bu illər ərzində yaşananlar illər keçsə belə, hər zaman qəlblərdə yaşayır, simalarda təbəssüm doğurur. Elə təqdim edəcəyimiz sujetdə olduğu kimi.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirənlər təhsil aldıqları ocaqda yenidən bir araya gəliblər. Baytarlıq fakültəsini 40 il əvvəl bitirərək baytar həkimi olanlardan 30-dan artığı yenidən görüşmək imkanı əldə ediblər. 1-i qız olmaqla 50 nəfərin məzun olduğu ixtisası vaxtilə, 10 tələbə fərqlənmə diplomu ilə bitirib.
Ramiz Salmanov - 40 il əvvəlin məzunu: Bu gün biz məzunlar üçün çox şərəfli, qüdrətli, bayram günüdür. Bura gələn tələbə yoldaşlarımın uçmağa qanadı yoxdur, onların hər biri sevinclidir...
Bu gün illər əvvəl yiyələndikləri ixtisasın tədris olunduğu auditoriyalarda əyləşən məzunlar öz xatirələrini bölüşüb, tələbəlik illərindən sonrakı dönəmdə qazandıqları uğurlardan bir-birlərini məlumatlandırıblar. Çoxdandır planlaşdırılan təşəbbüsün nəhayət ki, reallaşdırılması Baytarlıq fakültəsinin qocaman məzunlarını olduqca məmnun edib.
Ağadadaş Hacıyev - 40 il əvvəlin məzunu: Bu görüş bizim üçün çox əhəmiyyətlidir...
Əbülfət Cavadov - 40 il əvvəlin məzunu: Bu görüşdə iştirak etdiyimə görə çox şadam...
40 il əvvəl məzun adı alan tələbələrin hər biri bu gün təhsil aldıqları sahə üzrə uğurlu fəaliyyət göstərir. Təsadüfi deyil ki, tədbirdə iştirak edənlər arasında iş fəaliyyətinə görə Əməkdar Kənd Təsərrüfatı işçisi, Rusiyada professor elmi dərəcəsinə layiq görülən də var idi.
- Baxış: 1775