• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 24.08.2019 16:20

Milli Qəhrəmanın xatirəsi anılıb

KepezTV Player

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsi torpaqlarımızın azadlığı uğrunda şəhid olan milli qəhrəman Yunis Nəcəfovun anım tədbirini keçirib. Gəncədə Kəlbəcərli məcburi köçkünlər üçün salınan yaşayış qəsəbəsində olan “Kəlbəcər şəhidlərinin abidə kompleksi” ziyarət edilib. Daha sonra Milli qəhrəman Nəcəfov Yunis İsa oğlunun keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. 1967-ci ildə Kəlbəcər rayonunda anadan olan Yunis Nəcəfov orta məktəbi bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbinə yollanıb. Yunis ikinci kursdan təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılıb. Bir müddət Bakıda Biləcəri Dəmiryol İdarəsində çalışan Yunis Nəcəfov vətənimizin başını qara buludlar alanda rahatlıq tapmayıb. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və N saylı hərbi hissədə bölük komandiri kimi xidmətə başlayıb. Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndlərində, Şuşadakı döyüşlərdə iştirak edib. Bir müddətdən sonra onu döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya göndəriblər. Şuşa və Laçın ağır sınaqlarla üz-üzə qalanda Yunis Nəcəfov yenidən cəbhəyə qayıdıb. Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edib, bir neçə kəndin geri alınmasında igidlik göstərib. Yunis Nəcəfov 1992-ci ildə Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamı ilə Nəcəfov Yunis İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tahir Nəcəfov - şəhidin qardaşı: Ddöyüşlərdə iştirak edib, şücaət göstərib. O, 1992-ci ildə erməni mühasirəsini yararaq "Qozlu körpü" deyilən yerə öz əsgərləri ilə birlikdə şəhid vermədən gəlib çıxıb. Mən onunla fəxr edirəm. O, Azərbaycan xalqının Milli qəhrəmanıdır. Onunla qürur duyuruq.

Ramiz Əliyev - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri: Bu cür şəhidlərimizi yad eləmək, əsgərlərimizlə görüşmək, şəhidlərimizin xatirəsini ucaltmaq, yadda saxlamaq veteranların borcudur. Bu da silsilə tədbirlərimizdən biridir. Bu cür tədbirlərimiz davam edəcək.

 

Elnur Vahidoğlu