Təlimlərdə iştirak edən hərbidən yazan jurnalistlərə yüksəkliyə qalxarkən insan orqanizmində oksigen çatışmazlığı və digər problemlərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə məlumatlar verilib. Sonra təlimalanlar təyin olunan ərazidə məskən salıblar. Plana əsasən, jurnalistlərə üç gün dağlıq və meşəlik ərazidə fəaliyyətlə məşğul olarkən qarşılarına çıxan maneələri dəf etmək üçün döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən məşqlər keçirilib. İştirakçılar sıldırım qayalıqlardan enərək su maneəsindən keçiblər. Jurnalistlər qəfil düşmən basqınlarına uğrayan zaman güllədən qorunmaq üçün düzgün yerlərin seçilməsi üsulları, çəkilişlərin aparılması qaydalarını praktiki icra ediblər. Strateji ərazilər, yüksəkliklər ələ keçirilən zaman, hadisə yerindən operativ şəkildə redaksiyaya xəbər ötürərkən döyüşçülərlə birgə hərəkət etmə, düşmən qüvvələrinin arxasında uzun müddət çöl şəraitində qalma vərdişləri aşılanıb. Müxtəlif növ tonqalların hazırlanması, küləkdən qorunmaq, eləcə də snayper atəşindən və qumbara partlayışından mühafizə olunmağın yolları öyrədilib. Həmçinin yaralara ilkin tibbi yardımın göstərilməsi, yaralının döyüş meydanından çıxarılması, qanaxmalar, çıxıq və sınıqlar zamanı sarğıların qoyulması qaydaları praktiki olaraq göstərilib. Fiziki hazırlıqdan normativləri də yerinə yetirən layihə iştirakçıları plana uyğun olaraq "N" hərbi hissəsinin atış poliqonuna gəliblər. Burada onlar bölmənin döyüş atışlı təlimini izləyərək, döyüş vəziyyətində davranma qaydalarını praktiki olaraq icra ediblər. Plana əsasən hər günün sonunda keçirilən yekun iclasda sonrakı günlər ərzində təlimalanların öyrəndikləri müzakirə olunub. Hazırladıqları materiallar, xəbərlər, reportajlar dinlənilərək qiymətləndirilib.
- Baxış: 474