Yeniyetmələrin ardından bu dəfə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə milli komanda Göygöldə təlim-məşq toplantışı keçir. Klassiklər yerli Olimpiya İdman Kompleksində dünya çempionatına hazırlaşırlar.
Bu il demək olar ki, bütün yarışların əsas hazırlığını Göygöldə keçən yığma artıq 3-cü dəfədir bu rayonu seçir. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında çalışmalarını davam etdirən heyətdə bütün aparıcı güləşçilər yer alıb. Gündə 3 dəfə məşq edən milli əsas diqqəti fiziki hazırlığa yönəldib. Hədəf digər yarışlarda olduğu kimi, sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında yaxşı nəticə göstərib, Tokio olimpiadasına lisenziya əldə etməkdir.
2015-ci ildən bəri mütəmadi olaraq Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçən milli üzvləri üçün bu məkan artıq doğmalaşıb. Pəhləvanların buradakı hazırlığı yarışlarda uğur qazanmalarına birbaşa təsir edir.
Milli komandanın təlim-məşq toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıqdan sonra güləşçilər dünya çempionatı öncəsi iki turnirdə qüvvələrini sınayacaqlar. Gələn aya təsadüf edəcək bu yarışların biri Rumıniyada, digəri isə Gürcüstanda keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 882