Azərbaycan Dövlət Aqrar Univesiteti yay məktəbi ənənəsini davam etdirir. Ötən il ali məktəbdə təşkil olunan, 11 ölkədən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” 1-ci Beynəlxalq yay məktəbi uğurla təşkil olunduğundan, layihənin bu il də həyata keçirilməsi qərara alınıb. Bu gündən başlayan yay məktəbi iyulun 18-dək davam edəcək.
“Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi bakalavriat pilləsində təhsil alanlar üçün təşkil olunub. Düşərgədə respublikanın ali təhsil müəssisələri ilə yanaşı, Bolqarıstan, Çin, İran, Hindistan, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin universitetlərindən ümumilikdə 42 tələbə iştirak edir.
Bai Fangting çinli tələbə: Mən ilk dəfədir ki, burda oluram. Universiteti bəyəndim. Fikiləşirəm ki, azərbaycanlılar çox dostcanlı, mehribandılar.
Mariya Petrova bolqarıstanlı tələbə: Dostumla bir yerdə gəlmişəm. Məncə yay məktəbini təşkil etməyin müsbət cəhətləri var. Azərbaycanın zəngin landşaftı, mədəniyyəti dünyaya tanıdılmalıdır.
Lukasz Lunievski polşalı tələbə: Mən Varşava Təbiət Elmləri Universitetindən gəlmişəm. Azərbaycanı çox bəyəndim. Buranın yaxşı havası, landşaftı və pozitiv insanları var.
ADAU-nun rektoru İbrahim Cəfərov yay məktəbinin əhəmiyyətindən danışaraq ötən illə müqayisədə iştirakçıların sayının artdığını və təmsil olunma coğrafiyasının genişləndiyini qeyd edib. Rektor universitetin maddi-texniki bazasının gücləndirilməsinin, müasir təhsil mühitinin formalaşdırılmasının təhsil ocağının beynəlxalq əlaqələrinə də müsbət təsir göstərdiyini vurğulayıb.
İbrahim Cəfərov ADAU-nun rektoru: 17 yerli tələbənin qatıldığı düşərgədə 13 fərqli ölkədə təhsil alan əcnəbi tələbə gənclər aktivliyi ilə xüsusi diqqət çəkib.
Alua Zhaubassarova qazaxıstanlı tələbə: Mən Azərbaycanda olduğum üçün çox şadam. Mənim Qazaxıstanda azərbaycanlı dostlarım çoxdur. Mən hər zaman sizin ölkənizə gəlmək istəmişəm.
Usama Riyaz pakistanlı tələbə: Pakistan və Azərbaycan iki qardaş ölkədir. Mən evimdən uzaq olsam da, buradakı mühitdə özümü evimdəki kimi hiss edirəm. Növbəti pillələrdə təhsilimi Azərbaycan Dövlət Aqrar Universitetində davam etdirmək istəyərəm.
Sahil Batan hindistanlı tələbə: Məncə bu yaya məktəbinin kənd təsərrüfatına həsr olunması çox müsbət haldır. Mən burda iştirak edərək, yeni bir şeylər öyrənəcəyimə əminəm.
Yay məktəbi dövründə tələbələrə ABŞ-ın tanınmış universitetlərinin professorları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçillik Akademiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, aparıcı şirkətlərin əməkdaşları ingilis dilində mühazirələr oxuyacaqlar. Bununla yanaşı, proqrama əsasən, tarixi yerlərə ekskursiyalar, Gəncə ASAN Xidmət Mərkəzinin fəaliyyəti ilə tanışlıq, Qəbələ rayonuna, Göygölə, habelə aparıcı aqrobiznes şirkətlərinə səfərlər təşkil olunacaq.
- Baxış: 529