• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3305
— 20.06.2019 18:07

Olimpiya çempionu “Minsk-2019”u buraxacaq

KepezTV Player

Sabah Minskdə start götürəcək II Avropa Oyunlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan yığmasının yekun heyəti müəyyənləşib. Komandamızın əsas medal ümidlərindən sayılan pəhləvanlar arasında Gəncə güləş məktəbinin yetirməsi, Olimpiya çempionu Toğrul Əsgərov yer almayıb. Halbuki bir müddət öncə açıqlanan ilkin heyətə Toğrulun adı salınmışdı. Sərbəst güləşçi uzun fasilədən sonra ilin əvvəlindən milli komanda ilə birgə təlim-məşq toplanışlarına qatıldığından onun tezliklə formaya düşəcəyi məşqçiləri ümidləndirmişdi.  Amma 27 yaşlı idmançı son məqamda fiziki hazırlığının yaxşı olmaması səbəbindən heyətdən çıxarılıb. Avropanın Oyunlarından kənarda qalsa da, Əsgərovun gələcəklə bağlı planları böyükdü.

Toğrul Əsgərov – güləşçi – “Müəyyən zədələrim varıydı. Onun bərpası ilə məşğul olurdum. Hazırda yığma komandanın tərkibində məşqlərə qatılmışam. İstəklərim var. Böyük hədəflərim var. Bunun üçün də nə lazımdırsa, etməyə hazıram.”

Gəncəli güləşçi formasını tam bərpa etdikdən sonra yaxın vaxtlarda xalça üzərinə çıxmaq arzusundadı. Onun ən böyük hədəfi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməkdir.

Toğrul Əsgərov – güləşçi – “Çox qısa vaxtdan sonra yarışların əksəriyyətində iştirak edəcəm. Hədəfim Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Məqsədimə çatmaq üçün hər şeyə hazıram.”

Özünə inanan Toğrul Əsgərov güləşsevərləri yenidən qələbələri ilə sevindirmək üçün var gücü ilə çalışacağını deyib.

Toğrul Əsgərov – güləşçi – “Mən özümə inanıram. İdmançının özünə inamı, güvəni olmalıdır. Bu da mən var. Əlimdən nə gəlirsə artıqlaması ilə çalışmalıyam, qabağıma məqsəd qoymalıyam  və  ona çatmalıyam.”

Qeyd edək ki, 4 il öncə Bakıda təşkil edilən ilk Avropa oyunlarının qalibi olan Toğrul Əsgərovu Minskdə Hacımurad Hacıyev əvəz edəcək.

 

Orxan Cəfərzadə